MƏCLİS Azərbaycanla Somali arasında diplomatik pasport sahiblərinin vizadan azad edilməsi sazişini ratifikasiya edib

Milli Məclis Azərbaycanla Somali arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi barədə sazişi ratifikasiya edib.

turaninsesi.az” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış Azərbaycan hökuməti ilə Somali hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş iki dövlət arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi və rəsmi səfərlərin sadələşdirilməsi məqsədi daşıyır.

Sazişə əsasən, tərəflərin etibarlı diplomatik pasportlara malik vətəndaşları digər tərəfin ərazisinə daxil olmaq, oradan çıxmaq və tranzit keçmək üçün vizadan azad edilir və hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə həmin ərazidə qala bilərlər. Qalmanın 90 gündən artıq olması hallarında qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq viza və müvafiq icazənin alınması tələb olunur.

Saziş diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik pasport sahiblərinin və onların ailə üzvlərinin hüquqi statusunu tənzimləyir, habelə diplomatik pasportların itirilməsi və ya dəyişdirilməsi hallarında qarşılıqlı məlumatlandırma və yeni səyahət sənədlərinin verilməsi mexanizmini müəyyən edir.

Bununla yanaşı, Saziş milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlığın qorunması məqsədilə tərəflərin öz qanunvericiliklərinə uyğun olaraq ölkəyə giriş, qalma müddəti və arzuolunmaz şəxslərlə bağlı tədbirlər görmək hüququnu saxlayır.

Saziş tərəflərin müvafiq dövlətdaxili prosedurlarının tamamlanmasını təsdiq edən son yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdə doxsanıncı gündə qüvvəyə minir, 5 il müddətinə bağlanır və avtomatik olaraq növbəti beş illik dövrlər üçün uzadılır.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Arzu Paşaqızı