İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər-YENİLƏNİB

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin təməlqoyma mərasimində iştirak ediblər.
****
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
Yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.
Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.
*****
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq. Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Ərazidə, həmçinin geniş miqyasda yaşıllıq zonalarının salınması nəzərdə tutulur.