İlham Əliyev daha bir tarix yazdı – Türk general
Çox böyük əhəmiyyətə malik tarixi günlərdən keçirik. Çünki Rusiyanın Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti missiyasını tamamlayıb ölkəni tərk edir.
“Turanın səsi ” xəbər verir ki , bu barədə rus sülhməramlıların ölkəmizin ərazisini tərk etməsi ilə bağlı danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.
General prosesdə Türkiyə-Azərbaycan və Rusiya əməkdaşlığının xüsusi rol oynadığını bildirib:
“Sülhməramlıların Azərbaycan ərazisini tərk etməsinin görüntülərinə baxarkən 10 noyabr tarixini xatırlayırıq. Həmin gün Ermənistan kapitulyasiya aktına imza atandan sonra rus sülhməramlıların Qarabağda fəaliyyətə başlayacağını eşidən xalqda bir narahatlıq, məyusluq var idi. Əlbəttə ki, bu da təbiidir, çünki keçmişdə yaşanan acı təcrübələr olub. Bəziləri isə onların Azərbaycan ərazisindən heç vaxt çıxmayacağını düşünürdü. Yaşadığımız tarixi hadisə Azərbaycan dövlətinin Cənubi Qafqazın ən güclü ölkəsi olmasının, eyni zamanda İlham Əliyevin uzaqgörənliyinin, liderliyinin növbəti sübutudur. Əlbəttə, bu fəaliyyət Türkiyə, Azərbaycan və Rusiya arasında aparılan koordinasiyalı işin, verilmiş qərarların məntiqi nəticəsidir. Uzun müddət idi ki, Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində də fəaliyyətlər azalmışdı. Azərbaycanın gördüyü bütün humanist tədbirlərə rəğmən ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsindən sonra əslində rus sülhməramlıların missiyası bitmişdi. Ancaq Rusiya istəsəydi, 5 illik müddətin bitməsini gözləyə bilərdi. Üçtərəfli bəyanata görə, buna hüququ vardı”.
General bir sıra qüvvələrin rus sülhməramlıların vaxtında çıxmasını əngəlləmək üçün Azərbaycan və Rusiya arasında münasibətləri gərginləşdirməyə cəhdlər etdiyini bildirib:
“Bütün tələlərə, Azərbaycanı Rusiyaya qarşı ikinci cəbhəyə çevirmək cəhdlərinə baxmayaraq, İlham Əliyev səbirlə, inad və qətiyyətlə Türkiyə ilə koordinasiyalı şəkildə və Moskva ilə münasibətlərdə balansı qoruyaraq prosesin tam formalaşmasını gözlədi və nəticədə rus sülhməramlılar ölkəni tərk etməyə başladı. Baş verənlər həm də Ermənistanın siyasətinin iflasının təzahürüdür. Fikrimcə, Zəngəzur dəhlizinin açılmasından sonra orada rus sərhədçilərin fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik də qısa zamanda ortadan qaldırılacaq. 2012-ci ildə Qəbələ RLS-in Azərbaycana təhvil verilməsində olduğu kimi, sülhməramlıların da ölkəni tərk etməsi problemsiz şəkildə həyata keçirilir. Ermənistanın son dörd ildə hadisələri şişirtmə cəhdləri iflasa uğradı. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini uğurla həyata keçirdi. Rus sülhməramlıların çıxması bütün dünyaya Qarabağın Azərbaycanın suveren ərazisi olmasını bir daha göstərdi. Gözümüz aydın olsun”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI