Deputat: Velosiped yolları görüntü üçün çəkilməməlidir
“Əlbəttə, yollarda velosiped xətləri çəkmək lazımdır. Lakin velosiped yolları görüntü üçün çəkilməməlidir. Səmərəli yollar seçmək lazımdır ki, vətəndaşlarımızla yanaşı paytaxta gələn turistlər də yararlana bilsinlər”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
O əlavə edib: “Avtomobillərin sağa-sola dönmələri üçün xətlər çəkilib, onlar da yarımçıqdır. Avtobus zolaqlarının ayrılması, ictimai nəqliyyata şərait yaradılması vacib məsələlərdəndir. Paytaxt küçələri ensizdir. Minik maşınları pərakəndə şəkildə qanunsuz yerlərdə saxlanılır. Bu da gediş-gəlişə kifayət qədər maneədir.
Maşınların sıxlığı, yolların dar olması turizmə də təsir edir. Heydər Əliyevin adını daşıyan mərkəzi yolda xeyli sayda bölünmələr var. Avtobuslar özləri də bu yolda tıxaca zəmin yaradırlar. Dayanacaqlarda ard-arda avtobus saxlanılması səbəbindən avtomobillər keçə bilmir”.
C.Paşazadə Bakıda tramvay xətlərinin çəkilməsini dəstəkləyib: “Tramvayın olmasını mən də istəyərdim. Əvvəllər Bakıda tramvay xətləri var idi, şəhərə xüsusi gözəllik verirdi. Dünya ölkələrində böyük şəhərlərin əksəriyyətində tramvaylar işləyir. Bu, insanların gediş-gəlişini daha da asanlaşdırar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI