DEPUTAT : “Türk düşmənçiliyi davam edir”
Bir milyon məcburi köçkünün faciəsini görməyənlər, bir qrup erməni üçün timsah göz yaşları axıdırlar.
Hər zaman olduğu kimi Qərb ölkələri, beynəlxalq strukturlar yenə ikili standartlardan çıxış edir, qeyri-obyektiv mövqe sərgiləyirlər.
Hətta Qərb strukturları humanitar yardımların göstərilməsində belə ayrı-seçkiliyə yol verirlər. Hazırda öz seçimləri ilə könüllü surətdə, heç bir əsas və problem olmadan, hansısa təzyiqlə üzləşmədən Qarabağı tərk edən erməni sakinlər üçün canfəşanlıq edən, dünyaya hay-küy salan beynəlxalq qurumlar 1990-cı illərdən etibarən Ermənistanın işğal və təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş milyona yaxın azərbaycanlı qaçqın üçün barmaqlarını belə oynatmayıblar. Milyona yaxın mülki şəxsin öz yurdlarından dəhşətli şəkildə qovulmasına, işgəncələrə məruz qalmasına səssiz qalıblar. İtaliya da Qarabağdan könüllü gedən ermənilərə kömək məqsədilə İtaliya Qızıl Xaç Cəmiyyətinə 4 milyon avro ayırıb. Məlumata görə, məqsəd Qarabağdan könüllü gedən ermənilərə humanitar yardım göstərmək və dəstək olmaqdır.
“Turanın səsi ” in xəbərinə görə , Millət vəkili Nəsib Məhəməliyev açıqlamasında deyib ki, tarixən öz geosiyasi ambisiyalarının həyata keçirilməsi üçün ermənilərdən “marionet” rolunda istifadə edən qüvvələr “erməni məsələsinin” beynəlxalq gündəmdən çıxmasına imkan vermir. Deputatın sözlərinə görə, başda Fransa olmaqla, bəzi Qərb dövlətləri, ermənilərə lobbiçilik edən təşkilatlar, Azərbaycanın qələbəsini həzm edə bilmirlər:
“BMT nümayəndələri Qarabağdan köçən ermənilər, hər hansı təzyiqin, zorakılığın, etnik təmizləmənin olmadığını bəyan etsələr də, daşnaklardan daha çox daşnak olanlar sadə ermənilərin bəyanatları ilə qane olmurlar. 1990-cı illərin əvvəllərində bir milyon qaçqın, məcburi köçkünün faciəsini görməyənlər, bir qrup erməni üçün timsah göz yaşları axıdırlar. Bunun bir adı var – ikili standart və türk düşmənçiliyi. Ancaq zaman Azərbaycanın xeyrinə işləyir. Beynəlxalq hüquq, ədalət bizim tərəfimizdədir. Belə qərəzli yanaşmalarla, yalnız bir şeyə, gərginliyin saxlanmasına nail ola bilərlər. O da, Ermənistanın və ümumiyyətlə, ermənilərin ziyanına ola bilər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI