DEPUTAT : ” Şərin, riyanın yanında yer alan İranın bu fəaliyyəti İslama böyük zərbə və xəyanətdir “
“İslam sülhü, həmrəyliyi, ən gözəl bəşəri dəyərləri özündə əks etdirib, haqq-ədaləti müdafiə edib, haqsızlığa zülmə qarşı çıxmağı təşviq edən bir dindir. Lakin nə qədər acınacaqlı olsa da, belə bir gözəl dinin adını mənimsəyən və özünü İslam dövləti hesab edən İran haqqında bunu demək mümkün deyil.
“Turanın səsi ” xəbər verir ki , bu barədə mediaya açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.
Çünki İslam adından dəm vuran İran İslamı dəyərlərin tam əksi olaraq sülhə qarşı çıxan, işğalı, terroru, soyqırımını dövlət siyasəti səviyyəsində həyata keçirən Ermənistanla eyni səngərdə yer alaraq Azərbaycana qarşı düşmən mövqe sərgiləməkdədir. Hansı ki, Ermənistan təkcə Azərbaycan torpaqlarını işğal edib, həmin əraziləri viranəliyə çevirib, hərbi cinayətlər törətməyib, eyni zamanda minlərlə qocalara, qadınlara, uşaqlara qarşı amansız cinayət əməli törədib, onları girov götürərək olmazın əzabını verib. Erməni vəhşiliyi fəaliyyətini bununla bitirməyib.
İşğal etdiyi ərazilərdə olan 67 məsciddən 63-nü yerlə yeksan edərək dağıdıb, müsəlmanlara qarşı təhqiredici əməllərə əl ataraq Allahın evi hesab edilən məscidlərdə donuz saxlayıblar. Özünün İslamın “keşikçisi” hesab edən İran ermənilərin bu vəhşiliyinə göz yumaraq, “qaşın üstə gözün var” da deməyib”.
Onun sözlərinə görə, İran əksinə, erməniləri bir müsəlman ölkəsinə qarşı işğalçılıq, terror, soyqırımı, bəşəri cinayətləri törətməkdə davam etməyə sövq edib.
“İran müsəlmanlara düşmən kəsilən ermənilərə təkcə mənəvi və siyasi dəstək verməyib. İran 30 ilə yaxın müddətdə Ermənistana hərtərəfli iqtisadi dəstək verərək, onlar üçün nəfəslik rolunu oynayıb. İşini bununla bitirməyən İran Ermənistana hərbi sahədə də dəstək verib. Tehran rejimi Ermənistanı silah-sursatla təmin etməkdə müstəsna rol oynayıb. Biz bunun 44 günlük Vətən müharibəsi dövründə də şahidi olduq. Gürcüstan Ermənistana silah daşınması üçün quru və hava məkanını bağlasa da, İran əksinə, hər cür dəstək verdi. Üçüncü ölkələrdən daşınan silahları öz ərazisindən Ermənistana daşınmasına yaxından yardım etdi. Müharibədən sonra isə Xankəndidəki terrorçulara dəstək verməkdə davam etdi. Azərbaycan tərəfi İrandan Xankəndiyə gələn terrorçuları ifşa etdi və bunu beynəlxalq aləmə çatdırdı”, – deyə o vurğulayıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı