DEPUTAT : “Növbəti onillikdə turistlərin prioriteti Qarabağ dağları olacaq”

0

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ölkə vətəndaşlarına böyük qürur hissi yaşatdı.

Dədə-babalarımızın bir müdrik misalı var. Bağa baxarsan bağ olar, baxmazsan dönüb dağ olar. 30 il ürəyimizdə dağ olan torpaqlarımızı bağ eləmək üçün sürətlə abadlıq işlərinə başladıq. Yurdlarımıza ayaq basan kimi quruculuq işlərinə start verdik.

İşğalçı dövlət Azərbaycanın əzəli torpaqları ilə elə öz adına yaraşan şəkildə rəftar eləmiş, daşı-daş üstə qoymamış, abad yurdları yerlə yeksan edib, cəhənnəmə çevirmişdi. Prezident İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində demişdi:

“Azad edilmiş torpaqlarda 2021-ci il geniş quruculuq-bərpa işlərinə start verildi. Deyə bilərəm ki, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb”.

Bu ilin noyabr ayında “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Prezidentin müvafiq sərəncamına uyğun olaraq təkliflər paketi hazırlanıb. Proqrama əsasən, 2026-cı ilə qədər sosial-iqtisadi inkişaf modelinin uğurla tətbiq edilməsi üçün təməl şərtlər işə salınacaq.

“Turanın səsi ” Lent.az-a istinadən xəbər verir ki , mövzuyla bağlı danışan deputat Arzu Nağıyev bildirib ki, “Böyük Qayıdış” Dövlət proqramının layihəsində özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin, həmçinin vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. 
“Eyni zamanda mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır. 

Çox yaxın zamanlarda azad edilmiş ərazilərdə əlavə 350 iş yeri yaradılacaq. Biz strateji dövrə daxil olmuşuq. Böyük Qayıdış” Dövlət proqramı Qarabağın abadlaşdırılması ilə yanaşı, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsini hədəfləyir”,- deyə o bildirib.

“İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə həyata keçirilir. Biz abadlıq işlərinə sıfırdan başlamışıq, vandal qonşularımız şəhərlərimizi elə günə salmışdılar ki, biz bayraq sancmağa nəinki bir tikili, bir dirək belə tapa bilmirdik. Belə bir yerdə minalardan təmizləmə işlərinin aparılması da əlavə xərcdir. Bütün bunlara baxmayaraq  Qarabağda iqtisadi infrastruktur sürətlə bərpa edilir.

Dövlət başçısı işğaldan azad olunmuş ərazilərə hər səfərində ölkə və dünya ictimaiyyətinə mühüm mesajlar verir. O bütün dünyaya bəyan edir ki, biz bölgədə sülhün qorunmasında maraqlıyıq, Ermənistanın nicat yolu Azərbaycanın çağırışlarına cavab verməklə bölgədə sülh və əməkdaşlığın bərpasına qoşulmasındadır”,- deyən deputat əlavə edib ki, işğaldan azad olunmuş torpaqlarda məskunlaşmaq üçün ilk şərt təhlükəsizliyin təmini, ərazilərin minalardan təmizlənməsidir. 

“2021-ci ilin dövlət büdcəsindən bu məqsədlə 2,2 milyard manat vəsait ayrılıb. Qarabağ Dirçəliş Fonduna köçürülən ianələr tikinti-quruculuq işlərinə yönəldilir. Ermənistanın təqdim etdiyi mina xəritəsinə əsasən, elə təkcə Ağdam ərazisində düşmən şəhər ərazisinə 97 mindən artıq mina basdırıb. “Böyük qayıdış” planına görə, ilk növbədə işğaldan azad edilmiş Ağdam şəhəri yenidən qurulacaq.

Təmizləmə işləri təbii ki böyük resurslar tələb edir. Baş plana görə, Ağdamda 1 750 fərdi ev və 23 min mənzil tikiləcək. Amma Qarabağ elə təkcə Ağdamdan ibarət deyil. Bütün abadlıq işlərinin maliyyə xərcləri dövlət büdcəsindən ayrılır. Bu təbii ki böyük yükdür.

Artıq Füzulinin, Cəbrayılın baş planlarının da ilkin versiyası da dövlət başçısına təqdim edilib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi Şuşanın Azərbaycan xalqı üçün mənəvi dəyərinin böyüklüyünü dünyaya nümayiş etdirməklə yanaşı, həm də bu müqəddəs şəhərin daha sürətlə bərpasını,  bu yerlərə “Böyük qayıdış”ın reallaşmasını şərtləndirmək məqsədi daşıyır. Xarici şirkətlər podratçı kimi abadlıq işlərinə cəlb  edilib və görülən işlər öz bəhrəsini verir, biz hamımız buna şahidik”,- deyə millət vəkili vurğulayıb.

Arzu Nağıyev Qarabağda tikilən 3 hava limanının xüsusi strateji əhəmiyyəti barədə də danışıb.

“Bu limanlar strateji əhəmiyyət daşıyır. Hava limanlarının tikintisi ön planda duran məsələ idi. İlk hava limanı Füzulidə, ikincisi Zəngilanda istifadəyə verildi. Laçın hava limanının tikintisi davam edir. Laçın hava limanı hərbi əhəmiyyəti baxımından xüsusi qeyd olunmalıdır. Ermənistanla sərhəd olan Kəlbəcər və Laçına yaxın ərazidə hava limanının olması vacibdir. Laçın və Zəngilanda hava limanının olması əgər zərurət yaranarsa, döyüş şəraitində PUA-ların effektiv uçuş məsafəsinin daha da genişləndirilməsinə xidmət edə bilər.

Mən bu limanların hərbi əhəmiyyətinin cüzi bir hissəsini qeyd etdim. Hava limanlarının iqtisadi potensialı da yüksəkdir. Qarabağın beynəlxalq statuslu hava limanları beynəlxalq yükdaşımalar üçün istifadə olunacaq. Eyni zamanda gələcək illərdə bu hava limanları ölkənin turizm potensialının yüksəlməsində rol oynayacaq. Laçın beynəlxalq hava limanının Laçın, Kəlbəcər və Şuşaya yaxın olması bu cənnət diyara səfərləri asanlaşdıracaq. Mən əminəm ki, növbəti onillikdə artıq     dünyada turistlərin səfər etmək istədikləri, gözəlliklərindən ağzıdolusu danışdıqları məkan İsveçrə kurortları deyil, Qarabağ dağları olacaq”- deyə deputat bildirib.

Dədəmiz Qorqud necə demişdi? Torpağı əkib-becərmədinsə qorumağa, qorumadınsa əkib-becərməyə dəyməz. Qarabağ torpağının min illik sahibləri geri qayıdıblar. Əkib becərmək və qorumaq üçün.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09 / 055 512 07 82

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir