DEPUTAT : “Mətbuatımızın 148 illik inkişaf yolu bizim qürur mənbəyimizdir”
Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148 ili tamam olur.
“Turanın səsi ” in xəbərinə görə deputat İqbal Məmmədov bildirib ki, mətbuatımızın 148 illik tarixi inkişaf yolu bizim qürur mənbəyimizdir:
“1875-ci il iyulun 22-də əsası qoyulan “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız keçən dövr ərzində böyük inkişaf yolu keçib.
1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə mətbuatın üzərindəki dövlət senzurasını ləğv etməsi mətbuatın inkişafına ciddi təkan verdi. Zamanında ulu öndərin mətbuata və media nümayəndələrinə göstərdiyi qayğı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub”.
Deputat vurğulayıb ki, mətbuatımızın inkişafı ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən kifayət qədər sərəncamlar və fərmanlar imzalanıb:
“Bu gün çap mətbuatı ilə yanaşı həm də elektron mediada inkişaf etməkdədir. Əlbəttə bu sərəncamlar və fərmanlar müstəqil mətbuatın inkişafında müstəsna əhəmiyyət kəsb edir. Cənab prezidentin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaranması və zamanla ayaqlaşan Media Haqqında Qanun qəbul olunması Azərbaycan mediasının inkişafında müstəsna rol oynamaqdadır. Bu gün rahat şəkildə deyə bilərik ki, ölkəmizdə peşəkar mətbuat formalaşıb. Bu gün cəmiyyəti mətbuatsız təsəvvür etmək mümkün deyil. Qarşıdan gələn Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, gələcək işlərində uğurlar arzulayıram”.