Deputat : “İran dövləti hər zaman terrora dəstək verib”
“İran dövlətinin ölkəmizə yönələn siyasi-diplomatik dözümsüzlük xarakterli davranışları Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra daha da genişlənib və bir çox hallarda açıq təhdid formasında ifadə edilməyə başlanıb. Bu kimi davranış təkcə İran mətbu orqanlarında yer alan məqalələr, ayrı-ayrı şəxslərin mülahizə və bəyanatları ilə hüdudlanmır. Təəsüflər olsun ki, belə davranış həm də rəsmi dövlət orqanları əməkdaşlarının dilindən səslənir. Bu kimi hallar bölgədə sülh və əmin-amanlıq üçün real təhdid səviyyəsinə yüksəlib. İranın son aylar ərzində Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq cəhdləri, onun Qafqazda və ümumən bölgədə sülh prosesinə mane olmaq arzusunda olması və bölgənin daim qanlı müharibələrinin meydanı olaraq qalmasında maraqlı olduğunu göstərən məqamlardandır.”
“Turanın səsi ” xəbər verir ki , Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkilinin sözlərinə görə, yanvar ayının 26-da ölkəmizin Tehran şəhərindəki səfirliyinə təşkil edilmiş terror hücumu da bu siyasətin tərkib hissəsi olmaqla qabaqcadan planlaşdırılmış əməliyatlardan biridir: “İranın son dövrlərdəki mübarizə üsullarına baxsaq bu ölkənin üstünlük verdiyi başlıca üsullardan birinin terror olduğunu görərik. Bunu müəyyənləşdirmək elə də çətinlik törətmir. İnternet şəbəkəsində sadəcə bir neçə dəqiqə axtarış verməklə son illər ərzində İran xüsusi xidmət orqanlarına bağlı terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri əməlliyatlar barədə yetərincə geniş məlumatlar əldə etmək mümkündür. Bu ölkənin həyata keçirdiyi terror hücumlarının əsas hədəflərindən biri diplomatik nümayəndələr və səfirliklər olub.”
Deputat qeyd edib ki, İran İslam inqilabının ilk ilində – 1979-cu ilin noyabr ayının 4-də iranlı tələbələr adlandırılan qrupun Tehrandakı ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla, 99 nəfəri girov götürməsi İranın səfirliklərə yönəlmiş terrorçu hərakatın başlanğıcı hesab edilə bilər: “Məhz İranın siyasətində terrorçuluğa meyilliliyi 1984-cü ildən İran İslam Respublikasının adının beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilməsi ilə nəticələnib. Sonrakı illər də İran dövlətinə bağlı terrorçu təşkilatların digər ölkələrin diplomatik nümayəndəliklərinə hücum aktları ilə yadda qalıb. Bu sırada aşağıdakı terror hücumlarını qeyd edə bilərik.
1980-ci ildə Livanda 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri oğurlanmışdır. Hansı ki, araşdırmalar zamanı müəyyən edilib ki, onlar İrana bağlı “Hizbullah” qruplaşması tərəfindən girov götürülüblər. Girovlar 1980-ci illərin ortalarında “İran-Kontra mövzusu” üzrə aparılan məxfi danışıqlarda İranın mövqeyini gücləndirmək üçün vasitə kimi istifadə ediliblər. 18 aprel 1983-cü ildə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumu təşkil edilib. Yük maşınından istifadə etməklə törədilən partlayışlar nəticəsində 17 nəfər amerikalı daxil olmaqla, 63 nəfərin həyatına son qoyulub. 1984-cü ildə ABŞ-ın Livandakı səfirliyinin binasında kamikadze partladılıb. Nəticədə 2-si amerikalı olmaqla, 23 nəfər həlak olub. İrana bağlı terror qruplaşmaları tərəfindən törədilmiş terror aktlarının siyahısı genişdir. Burada yalnız bir neçə faktı qeyd etməklə kifayətləndik.”
Deputat vurğuladı ki, qeyd olunanları ümumiləşdirərək aşağıdakı nəticələrə gələ bilərik: “İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir. Bu ölkədə heç bir səfirliyin, diplomatik nümayındəliyin toxunulmazlığına zəmanət yoxdur. Bu dövrə kimi hücuma məruz qalmış səfirliklər, konsulluqlar, beynəlxalq nümayəndəliklər, xarici vətəndaşlarla bağlı faktların ümumiləşdirilməsi və İranın dünyada terroru dəstəkləyən ölkə kimi statusunun bərkidilməsi üçün beynəlxalq komissiyanın yaradılmasına ciddi ehtiyac vardır.”
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09