DEPUTAT : “Hər bir şəhərin azad olunması şərəfli tarixdir”
Dövlət başçısının sərəncamı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaq.
“İşğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ictimaiyyət tərəfindən olduqca müsbət qarşılandı”.
“Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Sərəncama müvafiq olaraq hər il, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa şəhərlərinin azad olunduğu günlər təntənəli şəkildə qeyd olunacaq: “2020-ci ildə qəhrəman Silahlı Qüvvələrimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində 200 ildən bəri itirdiyimiz torpaqları azad etməklə, adını tarixə qızıl hərflərlə yazdırdı. Xalqımız, 44 gün ərzində, hər axşam televiziya ekranları qarşısında Ali Baş Komandanın, cəbhədəki vəziyyət, azad edilmiş yaşayış məntəqələri barədə məlumatlarını səbirsizliklə gözləyirdi. Ancaq rayonların və şəhərlərin elan olunduğu gün əsil bayrama çevrilir. Pandemiya qadağalarına məhəl qoymadan, insanlar küçələrə axışırdılar. Nəhayət, noyabr ayının 8-də, hər bir azərbaycanlının qəlbində özünəməxsus yer tutmuş Şuşanın azad olunması ilə düşmən təslim oldu. Hər bir şəhərin azad olunması, özlüyündə bir şərəfli tarixdir. Bu şərəfli qəhrəmanlıq tarixi, şəhidlərin müqəddəs ruhu, döyüşlərdə iştirak edən qazilər, veteranlar anılmalı, gələcək nəsillərə ötürülməlidir. İllər, qərinələr, əsrlər keçəcək, Azərbaycan daha da güclənəcək, inkiçaf edəcək və xalqımız heç zaman 44 günlük Vətən müharibəsini unutmayacaqdır. Hesab edirəm ki, dövlət başçısının sərəncamı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaq. Həmin şəhərlərin və rayonların əhalisinin ictimai-siyasi-mədəni həyatında özünəməxsus yer tutacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI