DEPUTAT : “Böyük sülh sazişinin imzalanması Cənubi Qafqazın firavan gələcəyini təmin edəcək”

Heç kəsə sirr deyil ki, Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirib, Azərbaycan xalqı erməni millətçiləri tərəfindən soyqırımına və etnik təmizləmələrə məruz qalıb.

Azərbaycan 2020-ci ildə, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edib və bu gün Cənubi Qafqazda davamlı sülhün təmin olunması, habelə postmüharibə dövrünün mükəmməl idarə olunması istiqamətində əməli fəaliyyət göstərir. Qazanılan Zəfər təkcə silahın gücü deyil, Prezidentin, millətin liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması, əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.


Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.


O bildirib ki, bu gün 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq, Ermənistan tərəfi ilə sülh sazişinin imzalanmasının uzanması artıq beynəlxalq münasibətlər, o cümlədən qlobal informasiya təbliğatında Azərbaycanın ardıcıl və daha böyük işlər görməsini diktə edir. İyulun 22-də Prezident İlham Əliyevin Avropanın ən böyük telekanallarından olan, çoxmilyonluq auditoriyaya sahib “Euronews”a verdiyi müsahibə son zamanlarda istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavab olub.

Bu müsahibənin məhz mədəniyyət paytaxtımız Şuşa şəhərində baş tutması demək olar ki, xüsusi əhəmiyyət kəsb edib. Dövlətimizin başçısı bu platformadan məharətlə yararlanaraq həm bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin Azərbaycanın nəzarəti altında fəaliyyətinə aydınlıq gətirib, həm də Qarabağda yaşayan ermənilərin blokadaya alınması ilə bağlı yalanları ifşa edib, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin, Azərbaycanın atdığı hər bir addımın bütün regionda, dünyada sülhün əldə olunmasına xidmət etdiyini bir daha bildirib. Prezident qonşularımızla formalaşan münasibətlərə də toxunaraq hələ ki, yek və ilk olaraq imzalanmış atəşkəs sazişinin, yəni, 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi Rusiya Federasiyasının Cənubi Qafqazda sülhün təmin olunmasında rolundan danışıb, məhz Rusiya-Ukrayna müharibəsindən sonra Birləşmiş Ştatların və Avropa İttifaqının fəallaşdığını qeyd edib.

Eyni zamanda, həmin müharibə fonunda Azərbaycanın Avropanın mühüm qaz təchizatçısına çevrildiyini vurğulayan deputat əlavə edib: “Azərbaycan enerji potensialını Cənubi Qafqazda sülhün əldə olunması üçün hər bir platformada alət kimi məharətlə istifadə edir. Prezident İlham Əliyevin bu mövzuya diqqət yetirməsi, Azərbaycana qarşı bu gün başda Fransa olmaqla, digər Qərb dövlətləri tərəfindən nümayişkaranə olaraq göstərilən qərəzli mövqelərin qarşısının alınması üçün çox böyük addım, lazımlı cavab idi. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu dəfə də “Euronews” televiziya kanalı vasitəsilə Avropanın siyasi dairələrinə, eləcə də Avropa ictimaiyyətinə çox səlis və düzgün formada bugünkü Azərbaycanın və bütövlükdə regionun reallığını əks etdirən mövqeyini nümayiş etdirdi”.
Məzahir Əfəndiyev diqqətə çatdırıb ki, müsahibə zamanı səsləndirilən xüsusi məsələlərdən biri də artıq sülhün əldə olunması üçün heç bir tərəfin bəhanəsinin qalmaması və hazırda Xankəndi və ətraf rayonlarda məskunlaşan ermənilərin onlara təqdim olunan bu tarixi şansı əldən qaçırmamaları ilə bağlı idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar.
“Böyük sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunun bütün subyektləri üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan daha əlverişli şərait yaradacaq, burada yaşayan bütün xalqların rifah içində firavan gələcəyini təmin edəcək”, – deyə deputat vurğulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir