DEPUTAT : ” Azadlığımız, qurtuluşumuz mübarək olsun, əziz dostlar, dəyərli həmvətənlər!

0

Əziz həmvətənlər, dəyərli dostlar!
Təzadlı fikir kimi səslənsə də yazıma “müqayisə ən yaxşı ölçü vahididir” kəlamı ilə başlamaq istəyirəm. Hər bir xalqın, hər bir kəsin firavanlığı üçün zəruri və təbii olan bütün arzuların mənbəyi sağlam düşüncədir. Bütün xeyirli əməllər də sağlam düşüncənin məhsuludur.


Bəs sağlam düşüncə nədir?

Bəri başdan deyim ki, izahat çox sadədir: ağıl, mənəviyyat və ədalətli müqayisə etmək bacarığı.
Tarixi təcrübə dəfələrlə sübut edib ki, o cəmiyyətlər firavan həyata və müzəffər olmağa nail olur ki, onun daha çox sağlam düşüncəli insanları olsun, dövlətinin, millətinin, vətəninin, dininin və ailəsinin ondan nə tələb etdiyini aydın dərk etsin, bu tələblərə əməl etsin; özünü zamanın və dövrün güzgüsündə dürüst görə bilsin, ətrafında anbaan dəyişən yenilikləri tərəzinin gözünə qoyub müqayisə edə bilsin, bugünkü həyatı üçün vacib olan fiziki və ruhi sakitliyi dəyərləndirməyi bacarsın.
Düşünürəm ki, bugünkü durumumuzu keçmişimizlə müqayisə etdikdə, müzəffər duruşumuzu, sabit və təhlükəsiz həyatımızı dəyərləndirə bilən insanlarımız otuz il əvvəl yenicə müstəqillik qazanmış Azərbaycan xalqının taleyində Ümummilli Lider, dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin nə qədər böyük şans olduğunu bütün çılpağlığı ilə daha aydın dərk edirlər.

Ulu Öndərin xilaskarlıq missiyası ilə müstəqillik tariximizə #MilliQurtuluşGünü kimi şərəfli bir tarix əlavə olunmuşdur.
XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan o fəlakətli günlərdə azadlığa qovuşmaq sevincini yaşamadan dövlət olaraq məhv olmaq təhlükəsi altında idi. Dünyanın şər imperiyaları, fatehləri ilə savaşlardan çıxmış və milli varlığını qoruyub saxlamış Azərbaycan xalqı müstəqilliyinin ilk illərində xəyanətkarlıq və naşı idarəçilik səbəbindən müstəqilliyini itirmək həddinə gəlib çatmışdı. Torpaqlarımız işğal olunur, insanlar yurd-yuvasından didərgin düşür, dövlət parçalanır, vətəndaş qarşıdurması milli fəlakətə sürükləyirdi.
Bu şəraitdə ictimai rəy tarixin hökmünə çevrildi.

Ümummilli Liderin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlməsi və iyunun 15-də parlamentin sədri seçilməsi ilə dövlətçiliyimizə qarşı təhlükə sovuşduruldu. O nadir idarəçilik bacarığı, mahir siyasi gedişlər ilə Ulu Öndər qısa zamanda Azərbaycan xalqını və dövlətini fəlakətdən qurtardı.


Əslində, Heydər Əliyev Azərbaycanın qurucu və yurdsevər lideri olduğunu keçmiş ittifaq dönəmində çoxcəhətli fəaliyyəti ilə xalqın yaddaşına həkk etmişdi. Azərbaycana ilk dəfə rəhbərlik etdiyi illərdə Heydər Əliyev ölkəmizin sovet məkanında ön cərgəyə çıxarmaq və özünün mükəmməl rəhbər bacarığını da təsdiq etmişdi. Məhz həmin illərdə iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, elm sahələrində baş verən intibah Heydər Əliyevin yeni şəraitdə də bu uğurları davam etdirməyə qadir yeganə lider olduğunu diqtə edirdi.


90-cı illərin siyasi burulğanında bəzi siyasətbazların “meydan qəhrəmanı”na çevrilməsinə baxmayaraq, xalq ölkəmizin dövlət müstəqilliyinin qorunmasını yalnız onun təmin edəcəyini yəqin etmişdi.
“Əsrin müqaviləsi”nin imzalanması, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunması, parlament seçkilərinin keçirilməsi, siyasi-hərbi anarxiyaya son qoyulması müstəqilliyin əsaslarını möhkəmləndirdi. Bir sözlə, böhran məngənəsindən xilas etdiyi dövləti qısa müddətdə inkişaf və tərəqqi yoluna çıxartdı.


Dahilərdən birinin qeyd etdiyi kimi, torpaq o zaman vətənə çevrilir ki, milli ruhla canlanmış olsun. Hələ sovetlər dönəmində liderlik fəaliyyəti ilə böyük siyasət ustası Heydər Əliyev Azərbaycanın gələcək müstəqillik konsepsiyasının bir çox maddələrini öz əməlləri ilə yazmışdı. Respublikanı yabançılıqdan özünüdərkə, gerilikdən intibaha doğru aparan Heydər Əliyev əsl milli rəhbər olduğunu xalqın ruhuna uyğun qərarları ilə sübut etmişdi.

Ulu Öndər açiq-gizli formalarda azərbaycançılıq məfkurəsi konsepsiyasını canlandırmaqla şanlı tariximizi, dilimizi, adət-ənənələrimizin unutdurulmasına imkan verməyərək, bizə doğma bir Vətən yaratmışdı.
Bütün bu müqayisələrlə aydın şəkildə dərk edirik ki, 30 il əvvəl taleyimizə yazılmış 15 iyun xalqımızın azadlıq erasının başlanğıcıdır. 1918-ci ilin 28 mayı itirilmiş dövlətçiliyimizin yenidən qazanılması, azadlığımızın bəyanı günü olduğu kimi 1993-cü ilin 15 iyunu da bərpa edilmiş müstəqilliyin xilası, qorunub saxlanması, gələcək qüdrətli Azərbaycanın təməlinin qurulduğu gündür. Azadlığımız, qurtuluşumuz mübarək olsun, əziz dostlar, dəyərli həmvətənlər!

TURANIN SƏSİ

⤵️

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir