DEPUTAT : Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub
Dünya siyasi arxitekturasının dəyişdiyinin müşahidə olunduğu bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabı və mövcud postpandemiya dövrünün gətirdiyi yeni çağırışlar fonunda hər bir ölkə proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır, digər dövlətlərlə iqtisadi-siyasi münasibətlərin tənzimlənməsi işini ortaya qoyur.
Beynəlxalq təşkilatların bir sıra məsələlərin həllini yalnız sülhdə, dialoqda gördüklərinə baxmayaraq, son dönəmlərə real təcrübədə iqtisadi dayanıqlılığı, geniş hərbi imkanları olan dövlətlərin daha çox söz sahibi olduğunu görürük. Yeni çoxqütblü dünya düzənində son zamanlarda siyasi iradəsi ilə daha vacib rol oynamağa başlayan Çin Xalq Respublikası artıq bəzi regionlarda mövqeyini möhkəmləndirməyə, yeni əməkdaşlıq perspektivləri yaratmağa nail olmuşdur.
Azərbaycanın öz növbəsində Çinlə dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən dinamikası və inkişafından yaxşı xəbərdar olduğu Çinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Bu təmaslar müstəqillik illərində də uğurla davam etdirilib, Ümummilli Liderin Çinə səfərləri, Çin rəhbərləri ilə görüşləri gələcək əmdaşlığımızın əsasını qoyub.
Keçdiyimiz günlərdə, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundan sonra 22 iyul tarixində “China Global Television Network” televiziya kanalına verdiyi müsahibə zamanı demək olar ki, müasir tariximizdə Çinlə əməkdaşlığın bütün aspektlərinə toxundu.
Ümumiyyətlə Çin son 10 ildə Avrasiya regionunda, eləcə də dünyada yeni reallıq yaratmağa nail olub. Azərbaycan da bütün dünya ilə qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin dərinləşməsinə, dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq yeni-yeni istiqamətlərin müəyyən olunmasına çalışır, eyni zamanda istər ölkəyə investisiya axınının cəlb olunması, istərsə də sərmayə qoyuluşu istiqamətində fəaliyyət göstərir.
Azərbaycan Şimal-Cənub dəhlizi ilə yanaşı, həm də Şərq-Qərb dəhlizləri istiqamətində böyük logistik imkanlara malikdir və enerji resurslarının etibarlı təminatçısı olmaqda, habelə ticari dövriyyənin artımında daha da maraqlıdır. Bu fəaliyyət günü-gündən dərinləşir, zənginləşir.
Ölkəmiz eyni zamanda 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn, Çin Xalq Respublikası tərəfindən elan olunan alternativ “Bir kəmər, bir yol” layihəsinə qoşulub. Layihə çərçivəsində malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün yeni ticarət dəhlizi yaradılıb.
Qeyd edim ki, Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Bu gün layihənin icrası ilə bağlı texniki imkanlarımız artırılır və artıq ticarət limanımızın imkanları 25 milyon tona qədər çatıb. Həmçinin dəmir yolu infrastrukturunun müasirləşməsi, qatarların sürətinin artırılması istiqamətində əhəmiyyətli işlər görülüb.
Görülən işlər çərçivəsində əlbəttə ki, Zəngəzur dəhlizinin işə salınması da nəzərdə tutulub. Ölkə başçısının qeyd etdiyi kimi,
“Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb.”
Beləliklə, Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərməkdədir. Azərbaycanın həm dost ölkələrlə qurduğu ikitərəfli iqtisadi-siyasi münasibətlər, həm də təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi əzmkarlıq, həmrəylik, müttəfiqlik istər ölkəmiz, region, istərsə də bütövlükdə Avrasiya qitəsi üçün əhəmiyyətə malikdir.
Əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin enerji və nəqliyyat sahələrində müəyyən etdiyi siyasət düzgün gələcəyə hədəflənir, Avrasiya ölkələri, xüsusilə Çin Xalq Respublikası ilə iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə də əlaqələrin dərinləşəcəyini göstərir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI