DEPUTAT : “15 Sentyabr 20-ci əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”
15 Sentyabr 1918-ci il Bakının daşnak-erməni, bolşevik birləşmələrinin işğalından azad olunduğu, 20-ci əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Mayın 28-də İstiqlal Bəyannaməsinin elan olunmasına baxmayaraq, Bakı və ölkənin bir çox əraziləri erməni daşnaklarının və bolşeviklərin işğalında idi. Yenicə elan olunmuş müstəqil dövlətin isə, ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etmək üçün resursları yox dərəcəsində idi. O dövürdə bütün imkanları ilə Azərbaycana dəstək verən Osmanlı Türkiyəsi, öz vəziyyətinin son dərəcə kritik olmasına rəğmən, Nuri paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.
Türk qoşunlarının Azərbaycana göndərilməsi, Avropa ölkələri, o cümlədən Osmanlının müttəfiqləri tərəfindən etirazla qarşılansa da, Türkiyə qardaşlıq borcunu yerinə yetirdi. Qəhrəman Türk əsgərləri, yerli qüvvələrlə birlikdə, cəmi iki ay ərzində Bakını və ətraf əraziləri düşməndən təmizlədi.
Tarix təkrar olunur.
Əsrin sonlarında yaranmış boşluqdan sui-istifadə edən əzəli düşmənimiz xarici himayədarlarlarının dəstəyi ilə, Qarabağı 30 il işğalda saxladı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə, Azərbaycanın yanında olduğunu bəyan edən ilk ölkə oldu. Cəmi 44 gün ərzində torpaqlarımız azad olundu və Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatları dünya hərb tarixinə yazıldı.
Bu şərəfli gündə, gələcək nəsillərə nümunə ola biləcək şərəfli miras qoyan Qafqaz İslam Ordusunun şəhidlərini, Komandan Nuri paşanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəmi şəhidlərimizi böyük ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI