“Bugünkü əlamətdar tarixdə Prezident və birinci xanımın Laçında olması hər bir azərbaycanlını qürurlandırır” – RƏY
“Bugünkü əlamətdar tarixdə Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın azad Laçında laçınlılarla bir yerdə olması hər bir azərbaycanlını qürurlandırır və bu hadisə böyük siyasi əhəmiyyət daşıyır”.
“Turanın səsi ” xəbər verir ki , bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, torpaqlarımızı işğaldan azad etmək, bu ərazilərdə məcburi köçkünlərimiz üçün layiqli həyat şəraiti yaratmaq Prezident İlham Əliyev və Mehriban Əliyevanın ən böyük arzusu, həyat amalı olub: “44 günlük Vətən müharibəsi başa çatandan sonra Prezident və birinci xanım işğaldan azad olunmuş ərazilərə saysız hesabsız səfərlər edir, hər yeri qarış-qarış gəzir, quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verirlər. Artıq 30 ilə yaxın erməni işğalı altında qalmış ərazilərimizə yenidən həyat qayıdır.
Prezident İlham Əliyev və Mehriban Əliyeva torpaqlarımız erməni işğalı altında olduğu dövrdə öz ad günlərini və həyatlarının əlamətdar hadisələrini məcburi köçkün və qaçqınlarla görüşərək onlara mənzillər verir, sosial problemlərini həll edir və yenidən doğma yurdlarına qayıdacağı ilə bağlı söz verirdilər. Artıq verilən vədlər yüksək səviyyədə icra edilir və bu gün artıq Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla həyata keçirilir”.
Deputat bildirib ki, artıq torpaqlar azaddır, Prezident İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə səfərlər edirlər: “Onlar həyatlarının əlamətdar günlərini bu ərazilərdə yeni layihələrin təməlqoyma və ya açılış mərasimlərinə həsr edərək öz doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərlə qeyd edir və sevinclərini bir yerdə bölüşürlər”.
A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də bu baxımdan çox əhəmiyyətli və yüksək dəyərləndirilən hadisədir: “Ölkə başçımız və birinci xanım Kəlbəcər rayonuna səfəri çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak ediblər, Zar kəndinin təməlqoyma mərasiminə qatılıblar və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısının və Birinci vitse-prezidentin Laçına səfəri xüsusi hadisələrlə yadda qalıb. Belə ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva səfər zamanı “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Bundan əlavə, onlar Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə, Laçının sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, bir sıra müəssisələrdə yaradılan şəraitlə, Zabux kəndində görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər”.
Milli Məclisin deputatı xatırladıb ki, bu gün – 26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür: “Hesab edirəm ki, belə bir əlamətdar gündə Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın azad Laçında laçınlılarla bir yerdə olması hər bir azərbaycanlını qürurlandırır və bu hadisə böyük siyasi əhəmiyyət daşıyır. Xalqını sevən dövlət rəhbərlərini xalq da sevir və hər zaman dövlət başçısına dayaq dayanır. Fürsətdən istifadə edərək Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, can sağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI