Bu gün onların günüdür – XTQ 27 yaşında
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür.
“turaninsesi.az ” xəbər verir ki, 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri formalaşdırılıb.
XTQ formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.
Eyni zamanda, bu prosesdə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb.
2015-ci il aprelin 29-da yaradılmasının 16-cı ildönümü münasibətilə yeni formalaşdırılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda XTQ-yə general-mayor Hikmət Mirzəyev rəhbərlik edib.
2020-ci il iyunun 20-də yeni xüsusi təyinatlı birlik təsis olunub. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan XTQ-nin bölmələri də iştirak edib.
44 günlük Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilir.
Müharibə zamanı XTQ-nin şəxsi heyəti bir sıra əraziləri işğaldan azad edib. Noyabrın 8-də Prezident İlham Əliyev XTQ-nin o zamanki komandanı Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib. Ümumiyyətlə, müharibədəki taktiki qələbələrin bir çoxu XTQ-nin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib.
44 günlük Vətən müharibəsinin gedişində, Prezident İlham Əliyev tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib. O, növbəti rütbəni rəhbərlik etdiyi qüvvələrin döyüşlərdə göstərdikləri igidlik, qəhrəmanlıq, düşmənə vurduqları ağır zərbələr və şəhər, kənd və qəsəbələrin işğaldan azad edilməsinə görə alıb.
H.Mirzəyevin mükafatlandırılması bununla da bitməyib. O, 2024-cü il yanvarın 11-də müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib. 7 noyabr 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi alıb.
Ümumilikdə Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər “Qarabağ” ordeni ilə təltif edilib.
Azərbaycan xüsusi təyinatlılarının bir çoxu Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alıb, müxtəlif sertifikatlara layiq görülüblər.
Hazırda XTQ-yə general-mayor Ələkbər Cahangirov komandanlıq edir.
Arzu Paşaqızı