Bakının bu rayonuna yeni icra başçısı təyin olundu – DOSYE

Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

turaninsesi.az ” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, bu vəzifə ötən ilin sentyabr ayının 23-dən boş idi. 

Xatırladaq ki, Elxan Oqtay oğlu İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb. 

Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar  “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood”  şirkətlər  qrupunda  və  digər  holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Dövlət başçısının noyabrın 12-də imzaladığı sərəncamla Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. 

Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var.

Arzu Paşaqızı