Azərbaycanda yeni dövr başlayır: Bu sahələrdə köklü dəyişikliklər olacaq
Fevralın 7-də keçirilən prezident seçkilərində qalib gələn Prezident İlham Əliyevin dünən inauqurasiya mərasimi keçirilib. Ölkə başçısı andiçmə mərasimi zamanı bir çox mühüm açıqlamalar verib. Bu açıqlamalar daha çox müxtəlif sahələrdə keçiriləcək islahatlar və siyasi məsələlərlə bağlı olub.
Ölkə başçısı daha öncəki çıxışlarında da dəfələrlə 7 fevraldan sonra müxtəlif sahələrlə bağlı köklü dəyişikliklərin və yeniliklərin olacağına dair mesajlar vermişdi. Gözlənilən dəyişiklik və islahatlarla bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev sosial və iqtisadi sahədə mühüm dəyişikliklərə ehtiyac olduğunu deyib:
“Ölkə başçısı hələ seçkilərdən öncə idarəetmə ilə bağlı 7 fevraldan sonra yeni eranın başlayacağını elan etmişdi. Çünki Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra müharibə səhnəsindən dövlətin sosial-iqtisadi səhnəsinə keçid elədi. Çünki hər bir dövləti idarə edən hakimiyyətin xalqla münasibəti onun sosial və iqtisadi sahədə vətəndaş cəmiyyətinin formalaşması ilə ölçülür. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması ilə bağlı müharibədən sonra mənəvi problem yoxdu. Ancaq istəsək də, istəməsək də sosial və iqtisadi problemlər var. Heç bir dövlət bundan sığortalanmayıb. O cümlədən ölkəmizdə də bu problemlər var. Cənab prezidentin dünənki inauqurasiya məclisi əslində İlham Əliyevin yaxın 7 ildə görəcəyi işlərin proqramı, yol xəritəsi idi. Bu yol xəritəsində baş verən hadisələr və onların siyasi nəticələri xarakterizə olundu. Çünki dövlət idarəçiliyində hər hansı bir dəqiq diaqnoz qoymaq üçün mütləq əvvəlkilər təftiş olunur, buraxılan səhvlər, qazanılan uğurlar analiz edilir və onun əsasında çatışmazlıqların həllinə yönəlik işlər görülür. Ölkə başçısının çıxışında məhz bu məsələrə daha çox yer verildi”.
Politoloq başlıca olaraq əhalinin rifah səviyyəsinin yaxşılaşıdırılması məsələsinin ön planda olduğunu qeyd edib:
“Birincisi, institusional dəyişiklik, yəni hakimiyyətin idarəetmə formasının daha effektiv olması üçün səmərəsiz strukturların ləğvi, ikincisi hüquqi dövlətin daxildə formalaşması, üçüncüsü dövlətin sosial-iqtisadi istiqamətləri, dördüncüsü artıq dünyanın keçdiyi beşinci iqtisadi inqilab mərhələsi ilə bağlı addımların atılması ilə bağlı dəyişikliklər gözlənilir. Təbii ki, hər bir dövlətin milli təhlükəsizliyi üç səviyyədə qururlur. Bunlar fərdi şəxslər, cəmiyyət və dövlət səviyyələridir. Heç bir dövlət heç nədən sığortalanmayıb. Müharibədən sonra Azərbaycanda daxili təhdid, yəni Qarabağdakı separatizm problemi aradan qalxdı. Amma heç bir dövlət xarici təhdiddən sığortalanmayıb və istənilən vaxt bu proses baş verə bilər. Bu mənada Azərbaycan da bunlara hər zaman hazır olmalıdır. Dövlətin əsas marağı vətəndaşlarının rifah səviyyəsini yaxşılaşdırmaqdır. Azərbaycanda bu sahədə problemlər var. Mövcud bazar qiymətləri ilə əhalinin real gəliri bir-birini qapatmır. Həmişə real gəlir bazar qiymətlərindən geri qalır. Düzdü, nominal gəlir yüksəkdir, ancaq bunun müqabilində xərclər çoxdur və qiymətlər bahadır. Bu səbəbdən biz desək də, deməsək də Azərbaycanın bu sahədə problemləri var və bu problemləri aradan qaldırmaq lazımdır. İkinci Qarabağ müharibəsində zəfər qazanan xalq daha yaxşı yaşamaq hüququna layiqdir. İnanıram ki, belə də olacaq. Ölkə başçısı da öz çıxışında məhz bu istiqamətdə olan mövzulara daha çox yer verdi”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI