“Azərbaycanda ilk dəfə siyasi rəqabəti gücləndirmək üçün partiyalarla bağlı yeni qanunvericilik modeli hazırlanıb” – RƏY
Azərbaycanda ilk dəfə siyasi rəqabəti gücləndirmək üçün partiyalarla bağlı yeni qanunvericilik modeli hazırlanıb.
“Turanın səsi ” xəbər verir ki, bu fikri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən danışarkən bildirib.
Onun sözlərinə görə, yeni qanun layihəsi təhlükəsizlik və bir sıra məsələlərə görə mühüm əhəmiyyətə malikdir: “Seçkilərdə iştirak edən partiyalar Milli Məclisdə təmsil olunmadıqları halda da dövlətdən maliyyələşəcək. “Siyasi partiyalar haqqında” qanun layihəsi 66-dan artıq dəyişikliklərdən sonra yalnız parlament partiyaları və bütövlükdə Milli Məclisin təşəbbüsü ilə deyil, eləcə də parlamentdə təmsil olunmayan 50-dən çox partiyanın, həmçinin 3-cü sektorun, vətəndaş cəmiyyəti institutlarının birgə layihəsi kimi vətəndaşlarımızın maraqlarını özündə ehtiva edir. Partiyaların yaradılması üçün üzv tələbənin 10 mindən 5 min nəfərə endirilməsi ölkəmizdə səsvermə hüquqlu vətəndaşların bir faizindən də aşağı göstəricidir, bu özlüyündə yetərincə demokratik bir normadır və Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi tövsiyələrə – yəni, səsvermə hüquqlu əhalinin bir faizi normasına tam uyğundur”.
Sektor müdiri deyib ki, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb: “Azərbaycanda ilk dəfə, dövlət hər hansı kvota qoymadan, yəni, 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün “Siyasi partiyalar haqqında” yeni qanun modelini qanunvericiliyə daxil edir”.
T.İsmayılov vurğulayıb ki, yeni qanun layihəsinə görə, bir siyasi partiyanın bütün xalqın adından danışmaq haqqı yoxdur və qanunvericilikdə bu məsələ qeyd olunmaqla siyasi partiyaların açıqlamalarındakı məsuliyyətini artıracaq: “Siyasi partiyanın aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunur ki, dünyanın ən qabaqcıl ölkələrində bu sahədə vəziyyət ürəkaçan deyil. Siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək. Vətəndaşlarımız qarşısında siyasi partiyaların hesabatlılığı təmin edilmiş olacaq. Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan olunur”.