Cümhuriyyətimizin qurucuları yaşasaydılar, Azərbaycanın lideri, Cənab Ali Baş Komandanla fəxr edərdilər! – DEPUTAT
Bu gün Müstəqilliyimizin Bərpası Günüdür.
“Azərbaycan Şərqdə ilk Demokratik Cümhuriyyət qurdu. Amma təəssüflər olsun ki, cəmi 23 ay yaşayan Cümhuriyyət daha sonra Azərbaycan SSRİ ilə əvəzləndi.
Milli Məclisin deputatı Naqif Həmzəyev bu barədə fikirlərini “turaninsesi.az ” saytı ilə bölüşüb.
Sovetlər dövründə də Azərbaycanda müəyyən inkişaf dövrü yaşandı, xüsusilə də, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli kadrların formalaşması, azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi, milli təfəkkürün dərk edilməsi, milli kimliyin yenidən inkişaf etdirilməsi, həmçinin Azərbaycanın geridə qalmış aqrar bir ölkədən sənaye ölkəsinə çevrilməsi, Azərbaycanın yenidən müstəqillik dövrünə hazırlamaq üçün çox önəmli işlər idi. Təəssüflər olsun ki, Heydər Əliyev Sovet rəhbərliyinə aparıldıqdan sonra onun əleyhinə kampaniyalar aparıldı, Sovet rəhbərliyindən uzaqlaşdırıldı. Həmin dövrdə Azərbaycanda ağır proseslər başladı. O dövrdə Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, mən əminliklə deyə bilərəm ki, Sovetlərin dağılması ərəfəsində Azərbaycan çətinlik çəkmədən müstəqillik dövrlərinə qədəm qoya bilərdi. Ancaq təəssüflər olsun ki, o dövrdə həm Azərbaycan torpaqlarının Ermənistana verilməsi, orada qondarma bir dövlətin yaradılması ideyası təkrar gücləndirildi və həmin erməni ideoloqlarına dəstək verən bir çox azərbaycanlılar da çoxlu sayda məktublar göndərərək, Ulu Öndərin əl-qolunu bağlamağa cəhd etdilər. 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanlılara qarşı törədilmiş qətliamla bağlı Ulu Öndər Heydər Əliyev bu hadisəyə etiraz olaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə getdi, o zaman cənab Prezident İlham Əliyev də Ulu Öndərin yanında idi və orada media qarşısında Sovet hakimiyyətinin həyata keçirdiyi bu qətliamı pislədi, azərbaycan xalqının yanında olduğunu bildirdi.
Bu fədakarlığı belə təəssüflər olsun ki, bəzi insanlar düzgün dəyərləndirmədi və Azərbaycanı mövcud vəziyyətdən çıxarmaq üçün yaranmış vəziyyətdən istifadə etmədilər. Sovetlər öz mövcudluğunu sona çatdırıb, Rusiya Federasiyasını qurduqdan sonra Azərbaycan da, demək olar ki, müstəqilliyini bərpa etmiş oldu. Azərbaycan Konstitusiyasına baxsaq görərik ki, Azərbaycan özünü Azərbaycan Xalq Cümhuriyyətini varisi elan edib. Təəssüflər olsun ki, müstəqilliyimiz bərpa olunsa da, çox ağır və çətin dövr başladı- Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan və onların havadarları tərəfindən işğal olundu, Azərbaycan digər Sovet Respublikalarından fərqli olaraq, çox çətin dövr yaşamaq məcburiyyətində qaldı. Ulu Öndərin xalqın təkidilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi ilə bu proseslər dayandırıldı. Onun gəlişi Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında mühüm rol oynadı. Ölkəmiz demokratiya yolunda iri addımlar atdı. Azərbaycan iqtisadiyyatı formalaşdırıldı, milli konstitusiya hazırlandı, bu konstitusiya əsasında önəmli işlər görüldü. Ölkənin büdcəsi formalaşdırıldı, “Əsrin müqaviləsi” imzalandı, enerji resurslarının dünya bazarına çıxarılması üçün “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin çəkilməsi üçün razılaşmalar əldə olundu, bir sözlə, Azərbaycan ölkə olaraq varlığını qoruyub saxlaya bildi. Amma hələ də, Qarabağ problemi həll olunmamışdı, bu problemin həll olunmaması da, Azərbaycanın suverenliyinin tam bərpa olunmaması demək idi.
Şükürlər olsun ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş kurs cənab Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq davam etdirildi və məntiqi nəticə olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, öz torpaqlarını işğaldan azad etdi, BMT qətnamələrini Azərbaycan öz gücü hesabına yerinə yetirdi, 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam olaraq bərpa etdi. Cənab Prezident İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində- oktyabrın 15-də Xankəndidə, Xocalı, Xocavənddə, Ağdərədə Azərbaycan bayrağını ucaltdı.
Şükürlər olsun ki, Azərbaycan müstəqilliyinin bərpası ildönümündə biz suverenliyimizin tam bərpasının şahidi olduq. Bir sözlə, Azərbaycan işğal günlərini, matəm günlərini Zəfər, qələbə günləri ilə əvəzləyə bildi. Bu o deməkdir ki, Azərbaycan bugünkü qədər güclü olmamışdı.Biz bu gün- Müstəqilliyimizin Bərpası Gününü qeyd edirik, hər bir azərbaycanlını təbrik edirəm.
❗Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları yaşasaydı, Azərbaycanın lideri, möhtərəm Cənab Ali Baş Komandanla fəxr edərdilər!
❗Azərbaycan bugünkü qədər güclü olmayıb, bugünkü qədər regionda güc sahibi, söz sahibi olmayıb!
❗ Azərbaycan bu gün təkcə özünün deyil, Cənubi Qafqazın təhlükəsizliyini düşünəcək gücdədir!
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI