Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilir

0

Ölkəmizin tarixinə şanlı qurtuluş səhifəsi kimi yazılmış 1993-cü ildən etibarən ümummilli Lider Heydər Əliyev Azərbaycanı fəlakətdən xilas etmək missiyasına və dünya düzənində müasir dövlətçiliyimizin quruculuğuna başlamışdır. Ulu öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu bu gün onun siyasi varisi, 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məlum olduğu kimi,  ötən 20 il ərzində ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilmişdir. Azərbaycanda yoxsulluğun azaldılmasına, regionların inkişafına dair dövlət proqramları qəbul olundu, böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyiş əldə edildi, iqtisadiyyatın hər bir sahəsində: neft-qaz hasilatında, neft-kimya sənayesində, kənd təsərrüfatında, turizmdə, enerji sektorunda, nəqliyyatda, mədən sənayesində, yüngül və qida sənayesində, qeyri-neft sektorunda və s. ciddi nailiyyətlər qazanıldı. İqtisadiyyata 250 milyard dollar investisiya qoyuldu, ölkənin iqtisadi potensialı bir neçə dəfə böyüdü, valyuta ehtiyatları 50 milyard dollara çatdırıldı, yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi, 2 milyona yaxın yeni iş yeri açıldı, əməkhaqqı və pensiyalar dəfələrlə artırıldı, biznes mühitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildi, güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötdü.

Bütün bu illər ərzində Azərbaycanda iqtisadi islahatlarla yanaşı siyasi islahatlar da paralel şəkildə uğurla aparılır. Bu islahatlar konseptual olmaqla struktural xarakter daşıyır. Aparalına islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Azərbaycanda həyata keçirilən siyasi və struktur islahatlarından bəhs edərkən 2020-ci ilin fevral ayında keçirilən parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq  VI çağırış Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb, ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq parlamentin və onun komitələrinin rəhbərliklərinə müxalifət partiyalarının təmsilçiləri seçiliblər. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib. 

10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı bu məqama toxunan Ölkə başçısı demişdir: “Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir”.

VI çağırış parlamentdə diqqətçəkən yeni tendensiyalardan biri də qanun layihələri ilə bağlı əhatəli dinləmələrin keçirilməsinə geniş yer verilməsidir. Bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin daha effektiv həllinə və nəticə etibarilə, layihələrin daha yüksək səviyyədə hazırlanmasına kömək göstərir. Xüsusilə, cəmiyyətin ciddi marağında olan önəmli məsələlərlə bağlı geniş dinləmələrin təşkil olunması müvafiq qanunların daha mükəmməl hazırlanmasına, mütərəqqi təkliflərin nəzərə alınmasına şərait yaradır.

Milli Məclisin fəaliyyətində baş verən keyfiyyət dəyişikliyi Ali Qanunverici orqana olan ictimai etimadı da artırmışdır. Xüsusilə də, deputatların seçicilərlə mütəmadi görüşlərinin keçirilməsi, millət vəkillərinin bu görüşlərlə əlaqədar parlament rəhbərliyinə hesabatlar təqdim etmələri, eləcə də qanunvericilik təşəbbüslərini artırmaları ölkəmizin ictimai münasibətlər sistemində pozitiv dəyişikliklər kimi cəmiyyət tərəfindən müsbət dəyərləndirilmişdir. VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındaki çıxışında Avropa İttifaqının seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat verdiyini bildirən Ölkə rəhbəri cənab İlham Əliyev qeyd etmişdir: “Hesab edirəm ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir”.

Nəticə etibarilə, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilir. Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın VI çağırış parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir.

Riyad Rüstəmli – ADPU-nun rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir