Azərbaycan qlobal müstəvidə sülh və təhlükəsizliyə mühüm töhfələr verir

0

Milli maraqlara əsaslanan, müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu tərəfdaşlıq prinsiplər üzərində qurulan Azərbaycanın xarici siyasi strategiyası beynəlxalq münasibətlər sistemində öz mövqelərini möhkəmləndirir, nüfuzunu durmadan artırır. Bu gün regionda əhəmiyyətli gücə çevrilən Azərbaycan qlobal müstəvidə sülh və təhlükəsizliyə mühüm töhfələr verir, son dərəcə vacib təşəbbüslərlə çıxış edir. Bu baxımdan dünya dövlətləri ölkəmizlə ünsiyyətə, münasibətlərin qurulmasına və genişləndirilməsinə xüsusi önəm verirlər.

Turanın səsi ” xəbərinə görə hazırda qlobal gərginliyin artdığı, kəskin böhranın yaşandığı bir dönəmdə Azərbaycanın xilaskar missiyası, o cümlədən dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr beynəlxalq ekspertlər və siyasi xadimlər tərəfindən son zamanlar ən çox müzakirə edilən mövzulardandır.

Bütün bunların nəticəsidir ki, son illər Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Həm paytaxtımızın , həm də bölgələrimizin ev sahibliyi etdiyi möhtəşəm tədbirlər təbii ki, Azərbaycanın yüksələn nüfuzunun və həmçinin paytaxtımız Bakının ən əlverişli məkan olduğunun göstəricisidir. 

İstər regionda, istərsə də beynəlxalq arenada nüfuzu günü-gündən artan və qlobal problemlərin həllində aktiv rol oynayan Azərbaycan növbəti dəfə mötəbər tədbirə evsahibliyi etdi. Belə ki, martın 9-da Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başladı. 

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qlobal Bakı Forumunun aparıcı beynəlxalq platformalardan birinə çevrilməsi ilə bağlı mühüm nailiyyətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) İdarə Heyətinin üzvlərini təbrik etmişdir. Bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumunda, fevralda Münhen Təhlükəsizlik Konfransında iştirak etdiyini xatırladan Ölkə başçısı vurğulamışdır ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur: “Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq”. 

Forumda çıxışı zamanı Ölkə başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın üç zirvə toplantısının təşkil edildiyini, hərəkatın institusional inkişafına böyük diqqət ayrıldığını, COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirildiyini, irəli sürülən təşəbbüslərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildiyini xatırladaraq qeyd etmişdir: “Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Azərbaycan bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik”.

Dövlət başçısı soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş ən ciddi Şərq-Qərb qarşıdurmasından, Ermənistan-Azərbaycan münasibətlərindən, sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığı məsələlərindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan, ölkəmizin tranzit imkanlarından, nəqliyyat-logistika mərkəzinə çevrilməsindən də danışıb: “Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir”. 

Martın 11-dək davam edən Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınmış, qarşıda duran çağırışların həlli yolları müzakirə olunmuş, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunularaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Eyni zamanda qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olmuşdur. 

Ümumiyyətlə, Qlobal Bakı Forumu bu missiyaları uğurla yerinə yetirərək dünyanı ideyalarla zənginləşdirir. Bu ideyalar da gələcək dünyamızda sabitliyi, təhlükəsizliyi təmin edəcəkdir. Forumda verilən ən vacib mesajlarda biri də odur ki, Azərbaycanın Qafqazla bağlı baxışı inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Bu yanaşma bütün universal dəyərlər və beynəlxalq prinsiplərlə də üst-üstə düşür. Nəzərə alsaq ki, bəşəriyyət yeni, qeyri-müəyyən tarixi mərhələ astanasındadır, məhz belə bir dövrdə Qlobal Bakı Forumu və orada səsləndirilən ideyaların mühüm əhəmiyyəti önə çıxır.  

Fərmayılov Anar Hümbət oğlu
incəsənət və fiziki tərbiyə fakültəsinin dekanı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir