Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir
Bu gün planetin müxtəlif yerlərində üçüncü dünya müharibəsinin əhatəli şəkildə başlaması üçün kifayət qədər münaqişə ocaqlarının mövcud olduğuna baxmayaraq, cəmiyyətlərin, habelə onlara rəhbərlik edən siyasi dairələrin əsas məsuliyyəti dayanıqlı inkişaf konsepsiyalarının üzərində hərtərəfli çalışmaq, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunmuş “Dayanqılı İnkişaf Məqsədləri” (DİM) universal sənədinin icrasına çoxşaxəli dəstəyin göstərilməsidir.
Bu barədə “Turanın səsi ” nə açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib .
Azərbaycan bütün beynəlxalq platformalarda üzərinə düşən öhdəlikləri nəinki məharətlə yerinə yetirir, eyni zamanda köməyə ehtiyacı olan dövlətlərə öz təcrübəsi ilə yardım edir. 17 məqsədi özündə birləşdirən “2030 Gündəliyi”nin Azərbaycan Respublikası tərəfindən uğurla lokallaşdırılma siyasəti aparılır, hər bir məqsədin prioritetləşdirilməsi mövcud reallıqlar və qanunvericik əsasında təkmilləşdirilir.
Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün görülən işlərlə dəstək olmaq məqsədilə Azərbaycanda 2022-ci ilin noyabr ayından DİM Dialoqu seriyaları öz işinə başlayıb. Bu il 07 may 2024-cü il tarixində Bakı şəhərində keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş üçün atılacaq növbəti addımların həyata keçirilməsini hədəfləmişdi.
Qeyd edim ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqları seriyası Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Sahəsinə dair Strategiyası və 2030-cu il Gündəliyi çərçivəsində milli prioritetlərin həyata keçirilməsində Azərbaycan Hökumətinə dəstək göstərmək məqsədilə biliklərin artırılması, qabaqcıl beynəlxalq təcrübələrin tətbiq edilməsi və innovativ həllərin təmin edilməsində əsas maraqlı tərəflər – Hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, Beynəlxalq Maliyyə İnstitutları və inkişaf tərəfdaşları üçün platforma rolunu oynamağı hədəfləyir.
Hər bir DİM Dialoqu əsas diqqətini konkret mövzuya yönəldir və dialoqdan sonra bu mövzu üzrə konseptual yanaşma, məlumatların qısa təhlilinin və qabaqcıl beynəlxalq təcrübə nümunələrinin yer aldığı analitik qeyd, həmçinin mövzu ilə bağlı praktiki siyasət tövsiyələrinin irəli sürüldüyü bölmə işlənib hazırlanır.
Bu il keçirilən 4-cü DİM Dialoqunda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri, dövlət institutları ilə yanaşı olaraq, eyni zamanda beynəlxalq ekspertlər, özəl sektorun, vətəndaş cəmiyyəti təşkilatlarının, elm ictimaiyyətinin və beyin mərkəzlərinin təmsilçiləri, Laos Xalq Demokratik Respublikasının nümayəndə heyəti, BMT-nin alt strukturlarının rəhbər nümayəndələri iştirak edirdilər.
Həmin Dialoqda özəl məqamlardan biri Azərbaycanın DİM-lərə nail olunmasında gördüyü işlərə dair əldə etdiyi təcrübəni dost ölkələrlə bölüşməsi və təcrübə mübadiləsi imkanlarının daha da genişlənməsi oldu. Belə ki, geniş tərkibli Laos Xalq Demokratik Respublikasının nümayəndə heyətinə daxil olan Parlament təmsilçiləri də Dialoqda iştirak edərək, Azərbaycanda Milli Məclisin DİM hədəflərinə çatması və “2030 Gündəliyi”nin icrasında rolunu diqqətlə nəzərdən keçirdilər, təcrübəmizin öz ölkələrində tətbiqində hərtərəfli maraqlı olduqlarını ifadə etdilər.
4-cü DİM Dialoqunun işində iştirak edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov öz çıxışında ölkəmizdə həyata keçirilən siyasətin dövlət başçısının diqqətində olduğunu vurğulayaraq, insan ölümünə səbəb olan mina çirklənməsi probleminin BMT və ona yaxın olan təsisatların diqqətində hər zaman olmasının vacibliyini diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər qadın hüquq və azadlıqlarının, o cümlədən qadınların həyatın müxtəlif sahələrində yaradılmış imkanlara əlçatanlığın təmin olunmasında əsas istiqamətləri qeyd edərək təkliflər səsləndiriblər.
Beləliklə, deyə bilərik ki, DİM Dialoqları seriyaları artıq innovativ həlləri müzakirə etmək və onlara şərait yaratmaq üçün mühüm platformaya çevrilir.
Lakin, nəzərə alaraq ki, bu il dünyanın ən mötəbər və böyük tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək, DİM Dialoqu çərçivəsində müzakirə olunan bütün məsələlər COP29-da öz məntiqi sonluğuna çatacaqdır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI