“Azərbaycan bunu əsaslı təhdid sayır” – Əli Əhmədovdan İran AÇIQLAMASI

“İran böhranı və İran ətrafında baş verən qanlı hadisələr Azərbaycanı ciddi şəkildə narahat etdiyindən olayların ölkənin həm əhalisi, həm də müvafiq dövlət qurumları tərəfindən diqqətlə izlənməsi tamamilə təbiidir. İrana qarşı hücumların ilk günündən Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunan rahatsızlıq Azərbaycanın sözügedən münaqişə ilə əlaqədar obyektiv mövqeyini aydın göstərir. Bu, əslində, diplomatiya dilində İrana qarşı hücumların və onların mümkün nəticələrinin arzuolunmazlığına işarə edilməsi kimi qavranılmaqdadır. Ölkəmizin qeyri-bərabər hücuma məruz qalan qonşu dövlətə bundan aydın dəstəyini təsəvvür etmək mümkün deyil”. 

turaninsesi.az ” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov bildirib.

O vurğulayıb ki, Azərbaycan vətəndaşlarının artan trayektoriya ilə cərəyan edən hərbi toqquşmalara xüsusi həssaslığı bir sıra səbəblərlə şərtlənir. Onun fikrincə, ilk növbədə İranın Azərbaycanla qonşu olması, 700 kilometrdən çox ortaq sərhədlərimiz, eyni zamanda uzunəsrlik sıx dostluq əlaqələri ölkəmizin münaqişə ilə əlaqədar həssas yanaşmasının əsasında dayanır:

“Tarixi, mədəni, dini oxşarlıq, çoxşaxəli iqtisadi əlaqələr də öz növbəsində ölkəmizin və onun əhalisinin qonşuluğumuzda baş verən fəlakətə xüsusi diqqət nümayiş etdirməsinin əlavə səbəbləridir.

Azərbaycanın istər əhalisinin, istərsə də dövlət səviyyəsində İran böhranı ilə əlaqədar mövqeyinin milli təəssüb və həmrəylik kimi dəyərlərə söykənməsi ayrıca vurğulanmağa layiqdir. Bu ölkədə yaşayan insanların təxminən 40 faizi, yəni 40 milyona qədəri mənşəcə etnik azərbaycanlılardır. Azərbaycanın geniş planda nəzərdən keçirilən çoxəsrlik tarixini, mədəniyyətini, xalqımızın özünüdərkini,  dövlətçilik ənənələrini İranda yaşayan soydaşlarımızın  iştirakından ayrılıqda təsəvvür etmək mümkün deyil.

Min ilə yaxın bir dövrdə, 1925-ci il çevrilişinə qədər, İranı idarə edənlərin Azərbaycan sülalələri olması məlum tarixi faktdır. Onun tarixinin bir çox şanlı səhifəsinin azərbaycanəsilli sərkərdələrin və şahların adı ilə bağlı olması da nəzərdən qaçırıla bilməz. 1979-cu il islam inqilabına qədər, təxminən 500 il ərzində dalğalanan günəş və şir təsvirli İran bayrağının etnik azərbaycanlı Şah Abbas dövründən qalan əmanət olmasını bu ölkənin vətəndaşlarının unutmadığını düşünürəm.

Ölkəmizin İran böhranı ilə həssas davranışının digər amilinin regional təhlükəsizlik mülahizələrindən və Prezident İlham Əliyevin sülh təşəbbüslərindən qaynaqlandığı da ayrıca vurğulanmalıdır. Ermənistanın 30 ilə yaxın davam edən işğalının başa çatmasından sonra dövlətimiz Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüsünün müəllifi missiyasını uğurla yerinə yetirməkdədir. Bu səbəbdən çevrəmizdə cərəyan edən istənilən hərbi-siyasi gərginlik, o cümlədən İran böhranı sözügedən missiyanın reallaşmasına əngəl kimi nəzərdən keçirilir. Bütün dünyada sülhsevər dövlət, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının əsas dayağı kimi mövqeyini ortaya qoyan Azərbaycan, qonşu İranda hərbi toqquşmaları haqlı olaraq regionun sülh təşəbbüslərinə əsaslı təhdid hesab edir.

Beləliklə, İran böhranı ilə əlaqədar Azərbaycanın milli maraqları və rəsmi dövlət siyasəti ən qısa zamanda gərginliyin aradan qaldırılaraq sülhün bərqərar olmasından ibarətdir. Prezident İlham Əliyevin dəfələrlə və qətiyyətlə eyni mövqeyi ifadə etməsi İrana dostluq münasibətinin möhkəm təməli üzərində qərar tutmasından xəbər verir.

Ə.Əhmədov qeyd edib ki, dalbadal 4 dronun Naxçıvanı vurması hadisənin təsadüfi olmaması ehtimalını ciddi şəkildə azaldır:

“Deyilənlərə istinad edərək, sırf hərbi taktika baxımından Naxçıvana dron zərbəsi İrana hər hansı üstünlük vəd etmir. Dəfələrlə ən yüksək səviyyədə Azərbaycanın ərazisindən İrana qarşı heç bir halda istifadə edilməsinə icazə verilməməsi barədə bəyanatların səsləndirilməsi ilə yanaşı sözügedən istifadə üçün hipotetik ehtimalın belə mövcud olmaması dövlətimizin qeyd edilənlərlə əlaqədar siyasətinin tam şəffaflığını sübuta yetirir.

Azərbaycanın İrana dost münasibətinin bütün zamanlarda olduğu kimi, ABŞ-İsrail hücumları dövründə də aydın şəkildə nümayiş etdirilməsi Naxçıvana qarşı təxribata heç bir əsası olmadığını sübuta yetirən əlavə arqument kimi nəzərdən keçirilməlidir. Azərbaycanın ərazisinin dron atəşinə tutulmasından bir gün əvvəl Prezident İlham Əliyevin İranın səfirliyini ziyarət edərək Ayətullah Əli Xameneinin qətlə yetirilməsi ilə əlaqədar başsağlığını ifadə etməsi, ölkənin Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu imzalaması yuxarıda qeyd edilən münasibətin səmimiliyinə dəlalət edən diqqətçəkən amillərdəndir.

Naxçıvana dalbadal 4 dron zərbəsinin təşkil edilməsi, aeroportun dağıntılara məruz qalması fonunda iki ölkə arasında münasibətlərin gələcək perspektivlərinə ciddi təsir edə biləcək bir suala cavab axtarılması xüsusi aktuallıq kəsb edir: hərbi -taktiki baxımdan İrana heç bir fayda gətirməyən, daha çox münasibətlərin pisləşməsinə xidmət edən dron hücumu bir təsadüfdür, yoxsa təxribat? Bu ehtimalların hər birinin yaşamaq haqqına sahib olduğu düşünülə bilər. Lakin bu başdan etiraf etmək lazım gəlir ki, bir-birinə yaxın məsafələrdə yerləşən konkret hədəflərə istiqamətlənən dalbadal 4 dronun Naxçıvanı vurması hadisənin təsadüfi olmaması ehtimalını ciddi şəkildə azaldır.

Azərbaycana qarşı törədilən dron hücumunun bir təxribat olması məsələsinə gəldikdə isə, onun araşdırılması İran tərəfinin üzərinə düşür. Prezident Məsud Pezeşkianın üzr istəməsi və bir daha belə hərəkətlərə yol verilməyəcəyi barədə bəyanatı müəyyən gerçəkliklərin üzərinə işıq saçır. Düşünürəm ki,  problemin açıq qalan tərəflərinin ölkələrimiz arasında münasibətlərin gələcəyi naminə səmimiyyətlə araşdırılıb Azərbaycan tərəfinə şəffaf şəkildə təqdim ediləcəyinə artıq heç bir şübhə yeri qalmayıb”.

Arzu Paşaqızı