“ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır” – DEPUTAT
Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək.
“Turanın səsi ” in xəbərinə görə bununla bağlı deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədən sonra başlatdığı ssenarinin davamıdır:
“Heç şübhəsiz, bu konfrans regionda sülhün bərqərar olmasına yardım etməyəcək. Əksinə, Ermənistanın yenidən silahlandırılması, Fransa, Yunanıstan, Hindistan kimi ölkələrlə birlikdə hərbi ittifaqa girməsi, müharibə təhlükəsi yaradır. Ermənistanın, sülh müqaviləsinin imzalanmasından yayınmasına, ölkə daxilində revanşist qüvvələrin daha da, aqressiv davranışlarına səbəb olacaqdır. Belə bir konfransın Azərbaycanın iştirakı ilə, ayrı-seçkilik olmadan keçirilməsi, daha məntiqli olardı, sülhün əldə olunmasına xidmət edərdi. Məsələ ondadır ki, Azərbaycanın öz torpaqlarını heç kimlə məsləhətləşmədən işğaldan azad etməsi, bəzi dünya güclərinin planlarını pozdu. Cənubi Qafqazda yeni reallıqlar yarandı”.
Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı şəraitdən istifadə edən ABŞ və Aİ-nın əsas məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır:
“Təbii ki, uzun illər ərzində öz xaruci siyasətini Rusiya ilə uzlaşdırmış, iqtisadiyyatını, təhlükəsizliyini həvalə etmiş Ermənistan kimi zəif bir dövlət üçün olduqca çətin məsələdir. Daha doğrusu, təhlükədir. Düşünmürəm ki, Rusiya asanlıqla Qafqazdakı geosiyasi maraqlarından imtina etsin. Ona görə də, yaxın zamanlarda Ermənistanda, sərhədlərimizdə təxribatların, gərginliyin artması gözlənilir. Müharibənin qarşısının alınması, Ermənistandan, onun siyasi hakimiyyətindən asılıdır. Paşinyan birdəfəlik başa düşməlidir ki, istər Qərb olsun, istərsə Rusiya. Hərəsinin öz maraqları var. Tarixən, başqalarının geosiyasi maraqlarının təmin olunmasında, ermənilərdən ,,alət,,olaraq istifadə praktikasına son qoyulmalıdır. Sülh üçün tarixi şans yaranmışdır. Bundan istifadə edərək qonşularla barışmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI