Səhiyyə Nazirliyi qızılcadan qorunmağın yollarını açıqlayıb

0

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova deyib ki, qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu peyvəndlənmədir.

Turanın səsi ” in xəbərinə görə, o bildirib ki, qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan xəstəlikdir.

Həkim-infeksionist söyləyib ki, xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür.

S.Cəfərova vurğulayıb ki, qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır: “Peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir.

Həkim məsləhəti kimi, bir çağırış olaraq valideynlərə demək istərdim ki, övladlarının sağlamlığına son dərəcədə diqqətli olsunlar. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər”.

Onun sözlərinə görə, peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar:

“Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin hər iki dozasının alması tövsiyə olunur.

Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər. Peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95%-dir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir