Ramin Bayramlının ardından Vüqar Qurbanov da getdi – TƏBİB sədrlərinin aqibəti-ARAŞDIRMA
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad olunduğu bildirilir.
“turaninsesi.az ” xəbər verir ki, o, 5 il bu vəzifədə işləyib.
Bu müddət ərzində istər V.Qurbanovun özü, istərsə də TƏBİB-in fəaliyyəti barədə razılıqdan daha çox narazılıq və şikayətlər olub.
Qeyd edək ki, Vüqar Qurbanov 1977-ci ildə anadan olub. 1994-cü ildə orta məktəbi, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.
2000-2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001-2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib.
2016-2018-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri, 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri kimi çalışıb.

2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib.
2022-ci il sentyabrın 8-də TƏBİB-in icraçı direktoru təyin edilib.
Lakin V.Qurbanov narazılığa görə işdən çıxarılan ilk TƏBİB sədri deyil. Bu qurum Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb.
TƏBİB-in ilk sədri Ramin Bayramlı olub. Onun fəaliyyətinin əsas hissəsi koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edib. Koronavirusa görə verilən bir sıra sərt qərarları – qapanma, məhdudiyyəti və s. vətəndaşlar R.Bayramlının ayağına yazırdılar.
Amma narazılıq təkcə bununla bitmirdi. Pandemiya dövründə xəstəxanalardakı vəziyyət, dərman çatışmazlığı, ölüm halları da ondan narazılıqların əsas səbəbləri sırasında idi.

Pandemiyanın əsas dalğası bitdi, 2021-ci ildə R.Bayramlı da işdən çıxarıldı. Onun yerinə Vüqar Qurbanov gəldi. Lakin narazılıq yenə də bitmədi.
Qeyd edək ki, TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.
Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 13 may 2022-ci il tarixində Fərman imzalamışdır. Fərmana əsasən TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədrindən, Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, Agentliyin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir. Fərmana uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti TƏBİB həyata keçirir.

“Tibbi sığorta haqqında” qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir.
Vətəndaşlara tibbi xidmətlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşa Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir.
TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.
Arzu Paşaqızı