Bütün dünyada öldürücü virus yayılır – Ondan necə qorunmaq olar?
Klebsiella pnevmoniya, sidik yollarının infeksiyaları, meningit və digər ciddi xəstəliklərə səbəb olan patogen mikroorqanizmdir. Bakteriyanın hipervirulent ştammı daha böyük təhlükə yaradır, çünki o hətta sağlam immun sistemi olan insanlar üçün də təhlükəlidir və sürətlə irəliləyən, ölümcül infeksiyaya səbəb olur.
Üstəlik, Klebsiella antibiotikə davamlıdır. Çünki bakteriya son illərdə həm köhnə, həm də müasir antimikrob dərmanlardan qorunma əldə edib.
DST aydınlaşdırıb ki, bu gün Klebsiella 16 ölkədə, o cümlədən ABŞ, Çin, Yaponiya, Hindistan, İran, Kanada və Böyük Britaniyada aşkar edilib.
Bu virusdan necə qorunmaq olar?
“turaninsesi.az”-ın xəbərinə görə, mövzu ilə bağlı danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Klebsiellaya qarşı vaxtında müalicə tətbiq olunmazsa, xəstəni öldürə bilər:
“Ümumiyyətlə, Klebsiella bakteriyaları ətraf mühitdə çoxdan mövcuddur. Bu bakteriyalar yaradan, nəfəs və sidik yollarından insan orqanizminə keçir, qana düşür və düşdüyü yerdə ciddi infeksiya yaradır. Bunlardan ən təhlükəlisi məhz elə nəfəs yollarından düşüb ağciyərlərin pnevmoniyasını yaratmasıdır.
Əlbəttə, bakteriyaya qarşı vaxtında tədbir görüldükdə qarşısının alınması mümkündür. Amma kamorbit xəstəliyi, yəni diabet, xroniki problemləri olan xəstələrdə həmin xəstəlik xeyli ağırlaşa bilər. Məsələn, infeksiyası, ağciyərində digər müxtəlif xəstəlikləri olanlarda hətta ölümə də gətirib çıxara bilər. Həm də xəstəlik yoluxduğu şəxsdən sürətlə bir başqasına keçir və qısa zamanda xəstə ilə təmasda olan xeyli insana yayılır”.
A. Qeybulla Kebsiella bakteriyasından qorunma yollarından da bəhs edib:
“Doğrudur, Klebsiella bakteriyalarının pandemiya yaratmaq riski yoxdur, amma hər halda müəyyən bir arealda xeyli yoluxma və insan tələfatına gətirib çıxara bilər. Ona görə də belə situasiyalar yarandığı halda, dərhal və vaxtında üstünə düşmək lazımdır. Xəstəliyi ayaq üstə keçirmək yox, həkimə müraciət etmək və vaxtında müalicə almaq mütləqdir.
Adətən, bu xəstəlik antibiotiklərlə sağalır, amma heç bir xəstə öz-özünü müalicə etməməlidir. Yalnız həkim təyinatı ilə müalicə almaq lazımdır”.