“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdə
Dekabrın 6-da Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Görüş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunub.
Qonaqları spiker Sahibə Qafarovanın adından salamlayan parlamentin Aparat rəhbəri Fərid Hacıyev bildirib ki, cənab Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda silsilə tədbirlər keçirilir.
Aparat rəhbəri görüşdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda hazırlanan və slaydlarla müşayiət olunan təqdimatı nümayiş etdirib. Təqdimatda Azərbaycanda konstitusiya quruculuğunun tarixinə nəzər salınıb, Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə milli dövlətçilik ənənələrimizin, xalqın milli identikliyinin və dövlətçilik şüurunun konstitusion təminat altına alınması istiqamətində gördüyü işlər diqqətə çatdırılıb. Həmçinin Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, dövlət müstəqilliyinin qorunub saxlanması və gələcək inkişafın konstitusion əsaslarını təşkil edən ilk milli konstitusiyamızın hazırlanması sahəsində tarixi xidmətləri tədbir iştirakçılarına ətraflı təqdim olunub. Bu proseslərin Azərbaycan dövlətçiliyinin bugünkü güclü təməlini yaratdığı xüsusi vurğulanıb.
Bildirilib ki, bu gün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasının, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edilməsinin qürurverici təntənəsini yaşayır. 2024-cü ildə Azərbaycanın bütün ərazisində ilk dəfə olaraq prezident və parlament seçkilərinin keçirilməsi bu tarixi reallığın ən parlaq təzahürlərindən biri kimi dəyərləndirilib.









Arzu Paşaqızı