Vitse-spiker Adil Əliyev:“Füzulililər doğma evlərindədirlər”
Xalqımız tarixi hadisələrə şahidlik edir. Uzun illər düşmən işğalında qalmış tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. Dövlət başçısının diplomatik məharəti ilə bəzi ərazilərimiz, şəhər və kəndlərimiz isə bir güllə belə atılmadan düşməndən azad edildi.
“Turanın səsi ” xəbər bu barədə Milli Məclisin Vitse-spiker Adil Əliyev detib
Bu ilin sentyabrında 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşdı. Hələ İkinci Qarabağ müharibəsinin gedişində dövlət başçısı günahkarların cəzalandırılacağını və törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb ediləcəyini bildirmişdi. Bu gün əli həmvətənlilərimizin qanlarına batmış separatçı rejimin rəhbərləri məhkəmələrimiz qarşısında törətdikləri cinayətlərə görə cavab verirlər.
15 oktyabr tarixində cənab Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin bərpa edilməsinin yekun nəticəsidir. Xankəndi şəhərində bayrağımızın ucaldılması həm də tarixi Qələbəmizə kölgə salmağa cəhd edənlərə ən tutarlı cavab idi. Zəfərimizi qəbul edə bilməyən və buna qısqanclıqla yanaşan xaricdə ermənipərəst Fransadırsa, təəssüf ki, daxildə də marjinal müxalifətdir. Tarixi Qələbəmizə dil uzadanlar həm də Vətən yolunda canlarını qurban verən şəhidlərimizin əziz ruhlarına hörmətsizlik edirlər. Zəfərimizi yarımçıq Qələbə kimi qiymətləndirənlərin, Xocalısız, Xankəndisiz qələbənin tam olmadığını qeyd edənlərin bugünkü susqunluğunun yalnız bir cavabı var: 1991-1993-cü illərdə bu ölkənin başına gətirdiyiniz fəlakətin həll edilməsi üçün 30 il vaxt lazım oldu. Azərbaycan xalqı hakimiyyət uğrunda apardığınız savaş zamanı düşmənin işğalına göz yummağınızı heç zaman unutmayacaq.
Dövlət başçısı 20 il əvvəl xalqa verdiyi sözü yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. İndi Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə işğaldan azad edilmiş ərazilərdə böyük abadlıq və quruculuq işləri aparılır, 3 ildən də qısa müddətdə böyük işlər görülüb. Azad edilmiş ərazilərimizdə başlamış genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində şəhər və kəndlərin təməli qoyulmuş, təhsil, tibbi müəssisələri və digər infrastrukturlar yaradılmışdır.
Bu gün – 17 oktyabr həm də Füzuli şəhərinin düşmən işğalından azad olunduğu gündür, işğaldan azad edilmiş digər ərazilərimiz kimi Füzuli də yenidən dirçəlməkdədir. 30 il doğma yurd həsrəti çəkmiş füzulililər doğma evlərindədirlər. Füzuli şəhərində Beynəlxalq Hava Limanı tikilib, vətəndaşların rahat yaşaması üçün bütün infrastruktur qurulub.
Artıq ölkəmizdə yeni inkişaf mərhələsi başlayıb. Bu gün Böyük Qayıdış Proqramı uğurla icra edilir, Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən bərpa olunur, keçmiş məcburi köçkünlər yenidən burada məskunlaşdırılır, insanlarımz doğma yurd-yuvalarına qayıdırlar. Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində və Füzulidə dediyi kimi qələbəmizə görə Vətən övladlarına borcluyuq. Məhz dövlətimizin gücü ilə bərabər qəhrəmanlarımızın cəsarəti və şücaəti bizi tarixi Qələbəmizə qovuşdurdu.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI