Vitse-spiker Adil Əliyev“ Xalqımızın dövlət başçısının ətrafındakı birliyi sarsılmazdır”
Milli Məclisin sədr müavini Adil Əliyev Tovuz rayonunda rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb. Görüşdə şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev şəhid ailələrinə Allahdan səbir, qazilərə şəfa diləyib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğının göstərilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq belə görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib.
Adil Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində döyüş meydanında qazandığımız tarixi Qələbədən bəhs edərək, qazanılmış Zəfərin Azərbaycan dövlətçiliyi tarixindəki önəmindən, ölkəmizin və bütövlükdə regionun sülh və təhlükəsizliyinin möhkəmləndirilməsindəki əhəmiyyətindən danışıb. O, bu Qələbə üçün şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu, qəhrəmanlarımızın öz fədakarlıqları və şücaətləri ilə şanlı tariximizin ən parlaq səhifələrini yazdığını vurğulayıb.
Dövlətimizin 30 ildən sonra ərazi bütövlüyünü bərpa edərək, gücümüzü Ermənistana və onun havadarlarına göstərməsini qeyd edən vitse-spiker qazandığımız tarixi Zəfərin Fransa və İran kimi dövlətlərin həzm edə bilməməsinə diqqət çəkib. Təəssüf hissi ilə bildirib ki, bu gün özünü müsəlman adlandıran dövlətlərin Ermənistana gizli və aşkar şəkildə dəstək verməsi İslam aləmi üçün qəbuledilməz haldır. Halbuki işğal dövründə torpaqlarımızda yerləşən məscid və ziyarətgahlardan tövlə kimi istifadə edən erməni vandallarının dinimizi və dəyərlərimizi təhqir etməsinə bu özlərini müsəlman adlandıranlar səssiz qalıblar.
Xalqımızın dövlət başçısının ətrafındakı birliyinin sarsılmazlığını vurğulayan vitse-spiker Azərbaycanın dünyada yaşayan bütün azərbaycanlıların evi olduğunu, dövlətimizin hər zaman soydaşlarımızın yanında olduğunu söyləyib, eləcə də soydaşlarımızın da Azərbaycanı hər zaman dəstəkləməsindən danışıb. Bu birliyin və bərabərliyin bizi yeni zəfərlərə və uğurlara aparacağını bildirib.
Tədbirdə çıxış edən şəhid ailələri övlad itirməyin ağrılı olmasına baxmayaraq, ailə üzvlərinin müqəddəs amal uğrunda, Vətən yolunda şəhid olmalarından yüksək fəxarət hissi keçirdiklərini, şəhidlərimizin qanlarının töküldüyü Vətən torpağının azad edilməsindən hər bir azərbaycanlının qürur duyduğunu bildirmişdir. Tədbirin sonunda şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.