Vitse-spiker Adil Əliyev seçicilərilə görüşüb
Oktyabrın 17-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid ailələrinin üzvləri və qazilər başda olmaqla növbəti dəfə seçicilərin qəbulunu keçirib.
Vətəndaşlar tərəfindən qaldırılan sosial, humanitar, təhsil və digər müraciətlərin bir qismi yerindəcə həll edilib, digər müraciətlərin həlli üçün isə aidiyyəti üzrə məktubların ünvanlanması ilə bağlı tapşırıqlar verilib.
Qəbul zamanı Füzuli şəhərinin işğaldan azad olunmasının 2-ci ildönümü münasibətilə seçiciləri təbrik edən sədr müavini, bu qələbənin məhz milli birliyimizin nəticəsi olduğunu qeyd edib. O, diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Vətən övladlarının Vətən müharibəsində göstərdiyi misilsiz şücaət nəticəsində tarixi torpaqlarımız işğaldan azad olunub.
Adil Əliyev qeyd edib ki, dövlət başçısının vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması, vətəndaşlarımızı narahat edən məsələlərin qısa zamanda həll edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, mütəmadi şəkildə seçicilərin qəbulları həyata keçirilir. Eləcə də, daxil olan vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşılır, müraciətlər geniş şəkildə təhlil edilir və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.
Görüşdə iştirak edən seçicilər səmimi qəbul üçün minnətdarlıqlarını bildiriblər, onlara göstərilən diqqətə görə razılıqlarını ifadə ediblər.