VII çağırış Milli Məclisin 2024-cü ilin payız sessiyasının ilk iclasında
Sentyabrın 30-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib.
Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət Himni səsləndirildikdən sonra çıxış edən spiker Sahibə Qafarova payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edib və sessiya dövründə fəaliyyətlərinin səmərəli olmasını arzulayıb.
Parlamentin sədri Yeddinci çağırış Milli Məclisin birinci sessiyasına başlayarkən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə bir daha minnətdarlığını bildirib.
Spiker qeyd edib ki, sentyabrın 23-də Milli Məclisin birinci iclasında söylədiyi dərin məzmunlu nitqində dövlət başçısı yaxın illərdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən etməli olan strateji hədəfləri və milli prioritetləri elan etdi.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, parlament üzvləri olaraq, biz möhtərəm Prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyırıq. Biz təmin etməliyik ki, dövlətimizin qanunvericilik bazası həm milli prioritetlərimizə uyğun olsun, həm də xalqımızın və dövlətimizin inkişafı üçün möhkəm təməl yaratsın.
Spiker bildirib ki, o, birinci iclasda etdiyi çıxışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlamentin fəaliyyəti barədə fikirlərinə əsaslanaraq yeddinci çağırış Milli Məclisin qarşısında dayanan vəzifələr barəsində baxışlarını bölüşüb. Milli Məclisin sədri qısa olaraq bir daha qeyd edib ki, biz ölkəmizin tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşuq. Xalqın təmsilçiləri kimi biz sürətlə dəyişən dünyada Azərbaycanın xoşbəxt gələcəyini təmin edə bilən dəyərləri rəhbər tutmalıyıq.
Milli Məclisin sədri bildirib ki, parlamentin gücü onun kollektiv zəkasındadır. Bizim birgə ahəngdar fəaliyyətimiz ən mürəkkəb problemlərin həllinə yol aça bilər. Eyni zamanda, Milli Məclisin ayrılıqda hər bir üzvünün fəaliyyəti bu gün çox böyük əhəmiyyətə malikdir. Müasir dünyanın mürəkkəb şəraiti bizdən hər bir məsələyə milli və beynəlxalq reallıqları dərindən başa düşməklə və onları nəzərə almaqla yanaşmağı tələb edir.
Spiker Sahibə Qafarova möhtərəm cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin qanunvericilik bazasını möhkəmləndirmək üçün Milli Məclisin öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin sədri bildirib ki, bizim payız sessiyamız Azərbaycan tarixinin ən şərəfli dövrləri ilə üst-üstə düşür. Dörd il bundan əvvəl, 2020-ci ilin payızında, eləcə də ötən ilin sentyabr ayında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirmiş, torpaqlarımızın 30 illik işğalına son qoymuşdur.
Üç gün öncə, sentyabrın 27-də dövlət başçısının iştirakı ilə keçirilən Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın və itkin düşmüş soydaşlarımızın xatirəsi dərin ehtiramla yad edildi.
Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş edən müzəffər sərkərdəmiz İlham Əliyevə, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır.
Milli Məclis sədrinin çıxışı alqışlarla qarşılanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI