“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi son oxunuşda qəbul edildi
Milli Məclis “Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanun layihəsini qəbul edib.
“turaninsesi.az” xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub.
Qanun layihəsində ilk dəfə uşaq hüquqları ilə bağlı anlayışlar sistemi formalaşdırılır, uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir.
Belə ki, hazırkı qanunda bu prinsip mövcud olsa da, onun tətbiqi qaydaları müəyyən edilməyib. Yeni layihədə isə uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla müəyyən edilir. Uşağa aid qərar qəbul edilməzdən əvvəl araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik kimi təsbit olunur. Bu, beynəlxalq hüquqda qəbul edilmiş “uşağın üstün marağı ” prinsipinin milli qanunvericilikdə tam tətbiqini təmin edir.
Həmçinin yeni layihədə zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s. olmaqla təsnif edilir.
Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir.
Layihədə “erkən evlilik” ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır.
Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur.
Həmçinin yeni layihədə hər bir uşağın fikir və söz azadlığı, eyni zamanda, uşağın məlumat almaq, əldə etmək azadlığı haqqında ayrıca maddələr qeyd olunur.
Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur.
Eyni zamanda uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Uşaqyönümlü prosedurlar, yaşa uyğun izahat, hüquqi yardım, nümayəndə ilə təminat ayrıca maddələrlə tənzimlənir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Arzu Paşaqızı