TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında
Martın 4-də Milli Məclisin inzibati binasında Türk Dövlətləri Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA üzv dövlətlərində elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusuna həsr edilmiş 11-ci iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov açaraq tədbir iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb və onlara uğurlar arzulayıb.
TÜRKPA-nın yarandığı gündən türkdilli dövlətlər arasında əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi, qanunvericiliklərin uyğunlaşdırılması ilə bağlı mühüm işlər gördüyünü deyən Əhliman Əmiraslanov bu baxımdan bugünkü iclasın mövzusunun aktuallığını və gündəlikdəki məsələlərin əhəmiyyətini vurğulayıb.
Sonra TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Osman Mesten (Türkiyə), komissiyanın sədr müavini Abzal Kuspan (Qazaxıstan), komissiyanın üzvləri Cavanşir Feyziyev və Məlahət İbrahimqızı (Azərbaycan), , Bibigül Jeksenbay (Qazaxıstan), Nurjigit Kadırbekov (Qırğızıstan), Filiz Kılıç (Türkiyə) və TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er salamlama nitqləri ilə çıxış ediblər. Çıxışçılar TÜRKPA-ya üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi, rəqəmsal texnologiyalar və informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi, elmi və texnoloji inkişafda parlamentlərin rolu ilə bağlı fikirlərini bölüşüblər.
Sonra iclasın mövzusuna dair hesabat məruzəsinin layihəsi dinlənilib. Məruzəni komissiyanın sədr müavini Abzal Kuspan təqdim edib. Komissiyanın tövsiyə qərarı layihəsini komissiyanın sədri Osman Mesten diqqətə çatdırıb. Komissiya üzvləri hesabat məruzəsini və tövsiyə qərarını TÜRKPA-nın növbəti plenar iclasında baxılmaq üçün təsdiq ediblər. Sonra “Fərdi məlumatların mühafizəsi haqqında” model qanun layihəsinə və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Müzakirələr zamanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Cavanşir Feyziyev çıxış edərək gündəlikdəki məsələlər barədə qeydlərini, təkliflərini səsləndiriblər, komissiyanın gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclasının yeri, tarixi və mövzusu da müəyyən edilib. Komissiyanın “TÜRKPA üzv dövlətlərində Ombudsman təsisatları” mövzusuna həsr edilən növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI