Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Yanvarın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası giriş sözü ilə açan komitə sədri Sadiq Qurbanov qarşıdakı yaz sessiyasında deputatlara uğurlar diləyib. Çıxışında komitə sədri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətləri xüsusi qeyd edib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun suverenliyimizi tam təmin etməsinin ölkəmizin qarşısında yeni üfüqlər açmasından söz açıb. Sadiq Qurbanov yeni dövrün tələblərindən bəhs edib, Azərbaycanın neft-qaz, bərpa olunan enerji sahələrində əldə etdiyi nailiyyətlərdən və qarşıya qoyduğu yeni hədəflərdən danışıb. O, COP29-un Bakıda keçirilməsini Azərbaycanın yaşıl enerji siyasətinə ardıcıl dəstəyinin nəticəsi kimi vurğulayıb.
Sonra gündəliyi təqdim edən komitə sədri bildirib ki, müzakirəyə dörd məsələ çıxarılıb. İlk iki məsələ Milli Məclisin 2023-cü ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatı və komitənin 2024-cü ilin yaz sessiyası üçün işlər planı layihəsidir. 3-cü məsələ birinci oxunuşda müzakirəyə çıxarılan “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. 4-cü isə cari məsələlərdir.
Komitənin ötən sessiya ilə bağlı hesabatını deputat İltizam Yusifov təqdim edib. O bildirib ki, komitənin hesabat dövründə keçirilən 20 iclasında 48 məsələyə baxılıb. İltizam Yusifov baxılan məsələlər və qanun layihələri, komitənin ekoloji məsələlərlə bağlı təşkil etdiyi dinləmələr, tədbirlər barədə məlumat verib. O, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə komitə üzvlərinin fəal iştirakından bəhs edib.
Qeyd olunub ki, ötən sessiyada vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərə komitədə baxılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda, sessiya ərzində komitə sədri və üzvləri yerli və beynəlxalq səviyyəli tədbirlərə qatılıblar, seçiciləri ilə bir sıra görüşlər keçiriblər, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanıblar.
Komitənin 2024-ci il yaz sessiyası üçün iş planını komitə sədri Sadiq Qurbanov təqdim edib. O bildirib ki, planda komitəyə daxil olan qanun layihələrinə, digər sənədlərə baxılması və müvafiq qərarın qəbul edilməsi ilə yanaşı, ekologiya və energetika, bərpa olunan enerji haqqında qanunvericilik və bu sahənin aktual məsələlərinə dair aidiyyəti qurumlarla müzakirələrin, tədbirlərin keçirilməsi öz əksini tapıb. Qeyd olunub ki, planda COP29 çərçivəsində Bakı şəhərində atmosferə atılan tullantıların idarə edilməsinə dair dinləmə də nəzərdə tutulub.
İclasın gündəliyindəki qanun layihəsi ilə bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov, “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə Departamentinin rəisi Bahadır Kəngərli və Azərsu” ASC-nin Hüquq Departamentinin rəis müavini Nofəl Bağırzadə məlumat veriblər, deputatların layihə ilə bağlı suallarını cavablandırıblar. Qeyd olunub ki, qanun layihəsi Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Kommunal xidmətlərə (su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nə uyğun hazırlanıb. Layihədə tikinti obyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub.
Gündəlikdəki məsələlərin müzakirəsində Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri İltizam Yusifov, Afət Həsənova, Məşhur Məmmədov və Əliabbas Salahzadə çıxış ediblər. Deputatlar komitənin ötən sessiyada işini qənaətbəxş sayıblar, komitənin qarşıdakı sessiyada iş planı ilə bağlı təkliflərini irəli sürüblər, qanun layihəsi haqqında qeydlərini bildiriblər. Millət vəkilləri bir sıra ekoloji məsələlər, o cümlədən Hacıqabul gölünün mövcud vəziyyəti, quraqlığın kənd təsərrüfatına təsirləri, suvarma ilə bağlı problemlər, yaşıl enerjinin təşviq edilməsi barədə fikirlərini bölüşüblər.
Müzakirələrin sonunda komitənin 2023-cü il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı məqbul sayılıb, 2024-cü ilin yaz sessiyası üçün işlər planı təsdiqlənib, “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda cari məsələlər müzakirə olunub.
İclasda deputat Mixail Zabelin, Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI