Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

0

Oktyabrın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclasda “Energetika haqqında” Azərbaycan Respublikası qanun layihəsi (ikinci oxunuş) və cari məsələ olaraq qəbul edilmiş qanunların icrası mexanizmləri ilə bağlı müzakirələrin aparılacağını söyləyib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Sadiq Qurbanov, əvvəlcə, “Energetika haqqında” qanun layihəsini təqdim edib. O, indiyədək bu sahədə enerji səmərəliliyi, qaz təchizatı, bərpa olunan enerji, elektroenergetika ilə bağlı qanunların qəbul edildiyini, onların təqdim edilən bu qanun layihəsinə əsaslanacağını bildirib. Komitə sədri bu sahədə monopoliyanın aradan qaldırılması, yeni istehsalçıların yaradılması və bir sıra digər prioritet istiqamətlərin müəyyənləşdirildiyini, islahatların nəzərdə tutulduğunu deyib.

6 fəsil, 28 maddədən ibarət  “Energetika haqqında” qanun layihəsi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir. 

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Sadiq Qurbanov parlamentdə qəbul edilmiş qanunların insanların həyat şəraitinin və fəaliyyətinin yaxşılaşdırılmasına xidmət etdiyini deyib. O, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, qəbul edilmiş qanunların işləmə mexanizminə nəzarətin həyata keçirilməsinin də vacibliyini qeyd edib. Komitə sədri dövlət siyasətinin prioritet istiqamətlərindən birinin ekoloji tarazlığın qorunub saxlanılması ilə bağlı olduğunu söyləyib. Bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində ekoloji mühitin qorunması əsas məsələlərdən bir kimi göstərilib, bununla bağlı əsas strateji hədəflər müəyyənləşdirilib. O, Azərbaycanın ənənəvi enerji resurslarına malik olduğunu, lakin bu gün innovativ texnologiyaların tətbiqi, yaşıl enerjinin inkişafı məsələlərinin prioritet təşkil etdiyini söyləyib. Enerji resurslarının istehsalı zamanı müəyyən problemlərin yarandığını deyib. Habelə, tullantıların atılması, əhalinin yaşadığı ərazilərdə çirkab sularının əmələ gəlməsi, çirkli suların dənizə axıdılması, nəqliyyat vasitələrinin atmosferi çirkləndirməsi və digər bu kimi hallardan bəhs edib. 

Sadiq Qurbanov bugünkü iclasda “Ətraf mühitin mühafizəsi haqqında” qanunun icrası ilə bağlı məsələnin müzakirəyə çıxarıldığını deyərək, bu sənədin ekoloji təhlükəsizliyin təmin edilməsində əhəmiyyətini qeyd edib.

İclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə öz çıxışında iqtisadiyyat və ətraf mühit məsələlərinin uyğunluğunun təmin edilməsinin vacibliyindən danışıb. O, bu sahədə Azərbaycanın milli qanunvericiliyi ilə yanaşı, beynəlxalq öhdəliklərinin də olduğunu qeyd edib. Ekologiya sahəsində qanunvericiliyin icrası, buna nəzarətin həyata keçirilməsi, bu sahədə yaranan problemlər və onların aradan qaldırılması ilə bağlı görülən işlərdən, bu sahədə təbliğat-təşviqat tədbirlərinin əhəmiyyətindən bəhs edib. Rasim Səttarzadə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsinin nizamlanması, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması məsələsinə toxunaraq, bu sahədə mövcud olan qanunlara riayət edilməsi ilə bağlı ticarət mərkəzlərində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, ekoloji sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə də bağlı bəzi fikirlərini açıqlayıb. 

Məsələ ilə bağlı təqdimatla çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov bildirib ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. O, qeyd edib ki, qanunun bu tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulur. Bildirilib ki, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan qulplu və qulpsuz yüngül çəkili polietilen torbalar  istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməli, bu növ məhsulların ayrıca təqdim edildiyi və onların satış qiyməti barədə istehlakçılara əvvəlcədən məlumat verilməlidir. Nəzərə çatdırılıb ki, müvafiq dövlət orqanları qanunvericiliyin tələblərinin icrasına öz səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirirlər. Bununla yanaşı, qanunun tətbiqi ilə bağlı geniş maarifləndirmə işlərinin aparıldığı da qeyd olunub.

Təqdimatda dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində görülmüş tədbirlər, ictimai müstəvidə atılan addımlar, həyata keçirilən tədbirlər nəticəsində polietilen torbaların satışı ilə bağlı statistik göstəricilər barədə məlumat verilib.

Sonra məsələ ətrafında müzakirələr aparılıb. 

Komitə üzvü Afət Həsənova Suraxanı rayonunun Zığ və Hövsan qəsəbələrində ekoloji sahədə olan bəzi problemlərdən, o cümlədən axıdılan çirkab suların, neft tullantılarının, torpaq sürüşmələrinin nəticəsində ətraf mühitə dəyən zərərdən danışıb. 

Deputatlar İltizam Yusifov və Naqif Həmzəyev ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması sahəsində ölkədə mövcud durum barədə bir sıra qeyd və təkliflərini açıqlayıblar.

İclasda iştirak edən Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov öz çıxışında  qəbul edilən qanunların icrası ilə bağlı qanunvericilik və icra orqanları arasında əməkdaşlığın vacibliyini qeyd edib. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir