Spiker Sahibə Qafarovanın parlamentin 17 fevral 2023-cü il tarixli plenar iclasında çıxışı
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, fevral ayının 6-da qardaş Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində çoxlu sayda insan həlak olmuş və yaralanmışdır.
Hörmətli həmkarlar, xahiş edirəm, Türkiyədə təbii fəlakət səbəbindən dünyasını dəyişmiş insanların – bacı və qardaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad edək.
(Hamı ayağa qalxır.)
Allah rəhmət eləsin. Həlak olanların ailələrinə və yaxınlarına, qardaş türk xalqına dərin hüznlə başsağlığı veririk. Zəlzələ nəticəsində xəsarət almış insanlara da şəfa diləyirik.
Hörmətli həmkarlar!
Türkiyədə baş vermiş dəhşətli zəlzələni xalqımız öz faciəsi kimi qəbul etmiş və fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün bütün imkanlarını səfərbər etmişdir. Bu günlərdə biz iki xalq arasında qardaşlıq münasibətlərinin yeni nümunələrini müşahidə etdik. Həm dövlətlərarası, həm dövlət başçıları, həm də insanlar səviyyəsində özünü göstərən doğmalıq və könül birliyi Azərbaycanla Türkiyənin “bir millət, iki dövlət” olması həqiqətini bir daha sübut edir.
Bunu da əminliklə söyləmək olar ki, qüdrətli bir dövlət kimi Türkiyə fəlakətin vurduğu yaraları tezliklə sağaldacaq və bu sınaqdan da şərəflə çıxacaq.
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətləri fevralın 6-dan 8-dək Misir Ərəb Respublikasında, fevralın 9-dan 11-dək Cənubi Afrika Respublikasında və fevralın 13-14-də Rusiya Federasiyasında rəsmi səfərlərdə olmuşdur. Mən bu səfərlərin əsas məqamları barədə sizə qısa məlumat vermək istərdim.
İlk öncə qeyd edim ki, Misir Ərəb Respublikasında nümayəndə heyətimiz ölkəmizin səfirliyini ziyarət etdi. Səfirliyin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyduq, müasir Azərbaycan dövlətçiliyinin memarı olan Ümummilli Liderimizin əziz xatirəsini ehtiramla yad etdik.
Hörmətli həmkarlar!
Misir Parlamenti Senatının sədri Abdel Vahab Abdel Razeq, Nümayəndələr Palatasının sədri Hanafi Gibali, Baş nazir Mustafa Madbuli ilə görüşlərdə ölkələrimiz arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə edildi. Dövlət başçılarının qarşılıqlı səfər və görüşlərinin, imzalanan sənədlərin xüsusi önəm daşıdığı qeyd olundu.
İkitərəfli əlaqələrin inkişafında parlamentlərimiz arasında münasibətlərin mühüm rol oynadığı, eləcə də beynəlxalq təşkilatlarda birgə fəaliyyətin indiki geosiyasi çağırışların həllinə töhfə verdiyi vurğulandı.
Azərbaycan Respublikasının Milli Məclisi ilə Misir Ərəb Respublikasının Senatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalandı.
Hörmətli həmkarlar!
Səfər çərçivəsində Ərəb Dövlətləri Liqasının qanunvericilik orqanı olan Ərəb Parlamentinin Qahirədə yerləşən mənzil-qərargahında bu parlament qurumunun sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə də görüş keçirildi.
Ərəb Parlamentinin yanvarın 22-də keçirilmiş plenar iclasında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə müşahidəçi statusu verilməsi barədə qərar qəbul edilməsi yüksək qiymətləndirildi. Qeyd olunduğu kimi, bununla da Parlament Şəbəkəsinin müşahidəçi statusu əldə etdiyi beynəlxalq parlament təşkilatlarının sayı üçə çatmışdır.
Görüşün sonunda Ərəb Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.
Hörmətli həmkarlar!
Cənubi Afrika Respublikasına rəsmi səfərdə iştirak etdiyimiz ilk tədbir bu ölkənin siyasi həyatında mühüm hadisə sayılan Prezident Siril Ramafosanın xalqa müraciət etməsi mərasimi oldu. Parlamentin hər iki palatasının birgə iclasından əvvəl keçirilən mərasim başa çatdıqdan sonra ölkə parlamentinin üzvləri tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərlərini salamladılar.
Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri xanım Nosivive Mapisa Nqakula ilə görüşümüz də oldu.
Görüşdə parlamentlərimiz arasında əlaqələrin inkişafına qarşılıqlı maraq ifadə edildi. Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolundan danışıldı.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edildi.
Hörmətli həmkarlar!
Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində bu ölkənin Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirildi. Görüşlərdə qeyd edildi ki, Azərbaycan–Rusiya münasibətləri bir-birinin maraqları nəzərə alınmaqla, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.
Parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıldı. Belə bir fikir də ifadə olundu ki, humanitar sahədə əlaqələr ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil edir. Bu mənada, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulandı.
Hörmətli həmkarlar!
Onu da deyim ki, üç ölkədə keçirilən bütün görüşlərdə həmsöhbətlərimə Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 44 günlük Vətən müharibəsində qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra regionda yaranmış yeni reallıq, həyata keçirilən bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə başlanması, bölgədə uzunmüddətli sülh yaradılması üçün Azərbaycanın irəli sürdüyü təşəbbüslər, Ermənistanın normallaşma prosesinə mane olmaq cəhdləri, o cümlədən minalar basdırmaqda davam etməsi, danışıqlarda destruktiv mövqe tutması haqqında geniş məlumat verildi.
Rusiyada keçirdiyimiz görüşlərdə həmçinin Laçın yolu ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanmış üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulandı.
Mən öz çıxışımda qeyd etdim ki, Ermənistan Laçın yolundan minalar, hərbi sursat, şəxsi heyət və talan edilmiş təbii sərvətlərin daşınması üçün istifadə etmişdir. Orada keçirilən etiraz aksiyası Azərbaycan vətəndaşlarının qanuni hüququdur və onların haqlı tələbləri hökmən yerinə yetirilməlidir. Eyni zamanda, Avropa İttifaqının Ermənistana göndərilən müşahidə missiyası ilə bağlı bildirdim ki, Ermənistan tərəfindən Azərbaycanla sərhəd bölgəsinə müşahidə missiyası adı altında kənar qüvvələrin gətirilməsi və onlardan sui-istifadə edilməsi normallaşma prosesi üçün təhdid törədə bilər və bundan çəkinilməlidir.
Hər üç ölkədə görüşlərdə bu il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücum məsələsinə də toxunuldu.
Bildirdim ki, biz bunu terror aktı kimi qiymətləndiririk və İrana da bu mövqeyimizi açıq ifadə etmişik. Bu hadisənin ədalətli araşdırılmasını və cinayətkarların layiqli cəza almasını tələb edirik.
Hörmətli həmkarlar, hesab edirəm ki, Milli Məclisin nümayəndə heyətlərinin üç ölkəyə rəsmi səfərləri uğurlu keçdi və bununla əlaqədar nümayəndə heyətlərimizin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI