Spiker Sahibə Qafarovanın Milli Məclisin 11 oktyabr 2022-ci il tarixli plenar iclasında çıxışı

0

Hörmətli həmkarlar! 

Gündəliyə keçməzdən əvvəl mən bir məsələ haqqında sizə məlumat vermək istəyərdim. 

Bildiyiniz kimi, oktyabrın 5-dən 7-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində “Böyük iyirmilik” (G20) ölkələri parlament sədrlərinin 8-ci Sammiti keçirilmişdir. Mən Milli Məclisin sədri və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi xüsusi qonaq qismində həmin tədbirdə iştirak etməyə dəvət olunmuşdum.  

Onu da qeyd edim ki, Azərbaycan “Böyük iyirmiliyin” parlament ölçüsündə keçirilən tədbirində ilk dəfə təmsil olunurdu. Bu, Azərbaycana və Qoşulmama Hərəkatının yeni yaradılmış parlament qurumuna göstərilən diqqət və marağın ifadəsi kimi qiymətləndirilməlidir. 

Hörmətli həmkarlar !

Mən sammit çərçivəsində keçirilən tədbirlərdə etdiyim 2 çıxışda, o cümlədən əsas məruzəçi kimi çıxışımda müasir dövrün çağırışları barədə fikirlərimi bölüşdüm, bu sahədə parlament əməkdaşlığı platformalarının oynaya biləcəyi mühüm rolu qeyd etdim. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüs əsasında yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verdim.  

Sonra ərzaq və enerji təhlükəsizliyi mövzusuna həsr olunmuş sessiyada mən ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışdım. Həmçinin Azərbaycanın öz tərəfdaşlarının enerji təhlüksəizliyinin təmin olunmasında oynadığı rolu, ölkəmizdə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi çərçivəsində görülən işləri qeyd etdim. İşğaldan azad edilmiş ərazilərimizin ərzaq və enerji təhlükəsizliyi məsələləri baxımından əhəmiyyətini vurğuladım.

Daha sonra tədbirdə beynəlxalq miqyaslı problemlərin həllinə mane olan amillər, o cümlədən ikili standartlar və selektiv yanaşmalar barəsində danışdım. Xatırlatdım ki, Azərbaycan bu reallığı öz təcrübəsində yaşamışdır.  

Bildirdim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına icra edərək, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoymuş, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir. 44 günlük müharibə başa çatdıqdan sonra post-münaqişə dövründə regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər barəsində məlumat verdim. 

Ermənistanın sülh prosesinə maneçilik törətmək cəhdləri, xüsusən, 13 sentyabr təxribatı haqqında ətraflı danışdım. 

Hörmətli həmkarlar! 

Onu da qeyd edim ki, Sammit çərçivəsində 7 rəsmi görüş keçirildi. İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop,  Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Lindsi Hoyl, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş, Namibiya Milli Şurasının sədri Lukas Sinimbo Muha, Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula , Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk ilə rəsmi görüşlərdə  dövlətlərarası münasibətlərin parlament ölçüsünün inkişaf yolu və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.  

Qoşulmama Hərəkatının üzvü olan ölkələrin parlament təmsilçiləri ilə danışıqlarda həmin ölkələrin parlament üzvləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın dərinləşdirilməsi, yeni yaradılmış Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında fikir mübadiləsi aparıldı.  

Bundan başqa, 7 qeyri-rəsmi görüş keçirildi. Onu da qeyd edim ki, bütün görüşlərdə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyət,  işğaldan azad edilmiş bölgədə aparılan bərpa və quruculuq işləri, uzunmüddətli sülh və sabitliyin təmin edilməsi naminə Azərbaycanın göstərdiyi səylər, beynəlxalq vasitəçilərin köməyi ilə aparılan danışıqlarda Ermənistanın destruktiv mövqe tutması, müharibədən sonra da minaları yerləşdirməkdə davam etməsi, hərbi təxribatlar törətməsi barədə həmsöhbətlərimə geniş məlumat verildi. 

Hörmətli həmkarlar! 

Dünən, oktyabrın 10-da Milli Məclisdə Moldova Respublikasının Baş naziri Natalya Qavrilitsa ilə mənim görüşüm olmuşdur. Söhbət zamanı Azərbaycanla Moldova arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilmiş, iki ölkə arasında dostluq və tərəfdaşlıq  əlaqələrinin inkişafında parlamentlərin oynadığı rolun əhəmiyyəti vurğulanmışdır.  

Hörmətli həmkarlar, mənim məlumatım bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir