Spiker Sahibə Qafarova İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatda Avropa İttifaqı siyasəti Komissiyasının katibi, senator Marko Skurrianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.
Görüşdə qeyd olunub ki. dost və tərəfdaş ölkələr olan Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edilib. Münasibətlərin dərinləşməsində dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin mühüm rolu olub.
Söhbət zamanı bildirilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu istiqamətdə xüsusilə enerji sahəsində əməkdaşlıq vacib rol oynayır. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin digər mühüm istiqamətlərini mədəniyyət, təhsil və digər sahələr təşkil edir.
Milli Məclisin sədri parlamentlərimiz arasında da əməkdaşlığın inkişafından danışaraq, 2021-ci ildə özünün İtaliyaya rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, səfərin uğurlu nəticələrini qeyd edib. Hazırda hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyi, parlamentlərimizin beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Görüşdə Milli Məclisin sədri hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük miqyaslı bərpa və quruculuq işləri barədə də qarşı tərəfə məlumat verib. Bildirilib ki, İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində fəal iştirak edir.
Spiker Sahibə Qafarova Ermənistanın bölgədə baş verən proseslərlə bağlı həqiqətdən uzaq məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığını, bu cür yalan məlumatların ifşa olunmasında italiyalı parlamentarilərin də beynəlxalq parlament təşkilatlarında fəaliyyətinin önəmini qeyd edib.
Görüşdə İtaliya parlament nümayəndə heyətinin üzvü Ettore Rosatonun Vətən müharibəsindən dərhal sonra Azərbaycana səfəri, səfər çərçivəsində Ağdama səfər etməsi məmnunluqla xatırlanıb və qeyd olunub ki, onlar Ağdamda görüdüklərindən dəhşətə gəliblər.
Marko Skurria Azərbaycana səfərindən və göstərilən yüksək səviyyəli qonaqpərvərlikdən məmnunluğunu bildirərək, böyük dövlət və siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasının uğurlu təşkilinə görə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, münasibətlərin hazırki yüksək səviyyəsindən razılıqlarını bildirib. Senator, parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərimizin mühüm bir istiqamətini təşkil etdiyini, bu sahədə uğurlu nəticələr əldə edildiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI