Spiker Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

0

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Federasiya Şurasının sədri, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə yüksəlişdə olduğunu bildirib. O, ölkələrimiz arasında gündəliyin iki ölkənin dövlət başçıları tərəfindən müəyyən olunduğunu bildirərək, deyib ki, münasibətlərimiz mehriban qonşuluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir.

Əlaqələrimizin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini də qeyd edən Valentina Matviyenko bildirib ki, bu fəaliyyət münasibətlərimizə böyük töhfələr verir.

Parlamentlərarası əlaqələrdən danışan Federasiya Şurasının sədri, Milli Məclisin sədri ilə görüşlərin xoş bir ənənəyə çevrildiyini qeyd edərək, bunun qanunverici orqanlarımız arasında əlaqələrin yaxşı göstəricisi olduğunu ifadə edib. Onun sözlərinə görə, qanunverici orqanlarımız arasında əlaqələr səmərəlidir və həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir. Valentina Matviyenko deyib ki, Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə parlamentlərarası əlaqələrdə yeni mərhələ başlayacaq.

O, qeyd edib ki, regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında ölkələrimiz arasında xüsusi rol oynayır. Hazırda Rusiya Federasiyasının 70-dən çox subyektinin müəssisələri Azərbaycanla xarici ticarət fəaliyyəti ilə məşğul olur. 

Valentina Matviyenko, həmçinin Azərbaycan, Rusiya və Ermənistan tərəfindən üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Milli Məclisin sədri kimi Rusiya Federasiyasına ikinci dəfə rəsmi səfər etdiyini bildirib. O, həm bu səfərin, həm də tərəflər arasında imzalanan Anlaşma Memorandumunun ikitərəfli münasibətlərimizin parlament ölçüsünün inkişafına təkan verəcəyini bildirib. 

Milli Məclisin sədri xatırladıb ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu illər ərzində Azərbaycanla Rusiya arasında münasibətlər dinamik inkişaf edib. Spiker Sahibə Qafarova, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin əlaqələrimizdə yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. O, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolunu xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycan-Rusiya münasibətləri bir-birinin maraqlarını nəzərə almaqla, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.

İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu qeyd edib. O, bildirib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir. Deputatlarımız bir çox təşkilatlarda, o cümlədən, MDB Parlament Assambleyası çərçivəsində birgə fəaliyyət göstərirlər. Spiker qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsində parlament komitələri arasında əməkdaşlığın da rolunu qeyd edərək, deyib ki, bu istiqamətdə təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyət üçün  geniş imkanlar mövcuddur. 

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, hazırda ölkəmiz işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparır. “Yaşıl enerji” zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzurda yeni qəsəbə və kəndlər salınır. Artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasına başlanıb. 

Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olmuş və beynəlxalq hüququn 5 əsas prinsipi əsasında Ermənistana sülh sazişinin imzalanmasını təklif etmişdir. Sülhün əldə olunması hamıdan çox Ermənistanın özünə lazımdır. Lakin Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli bəyanatların tələblərini açıq-aşkar pozaraq, öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmayıb, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının qarşısını alır.

Görüşdə son dövrlər Laçın yolu ətrafında mövcud olan vəziyyətlə bağlı geniş məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Üçtərəfli bəyanata ciddi riayət edir və sənəd üzrə bütün öhdəlikləri tam yerinə yetirib. Üçtərəfli Bəyannamənin 6-cı bəndinə əsasən, Azərbaycan Laçın yolu boyunca hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir. 

Bununla yanaşı, spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan iki ildən artıqdır ki, Laçın yolundan mina, hərbi sursat, şəxsi heyət və talan edilmiş təbii sərvətlərin daşınması üçün istifadə edir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə, habelə təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadə hallarına qarşı Azərbaycan vətəndaşlarının etiraz aksiyaları onların qanuni hüququdur və etirazçıların haqlı tələblərinin yerinə yetirilməsi zəruridir. Spiker Sahibə Qafarova qeyd edib ki, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, Azərbaycan torpaqlarında yaşayan erməni sakinlərinin blokadaya məruz qalmaları, guya humanitar böhran yaranması ilə bağlı Ermənistan tərəfinin bəyanatları tamamilə əsassızdır. Laçın yolu boyunca hər gün onlarla nəqliyyat vasitələrinin, sülhməramlı kontingentin maşınlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, erməni təcili yardım maşınlarının hərəkəti erməni tərəfinin əsassız iddialarını təkzib edir. Beləliklə, bütün bunlar sübut edir ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə manipulyasiya ilə məşğuldur.

Milli Məclisin sədri, həmçinin İran İslam Respublikasında Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı, diplomatik korpusun bir nəfər əməkdaşının həlak olması və iki nəfər əməkdaşının yaralanması haqqında da məlumat verib. Spiker deyib ki, Azərbaycan bu terror hücumunun ədalətli araşdırılmasını və günahkarlarının layiqli şəkildə cəzalandırılmasını tələb edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir