“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib
Noyabrın 4-də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib.
İctimai dinləmədə Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli, vitse-spiker Fəzail İbrahimli, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, parlamentdə təmsil olunan partiyaların sədrləri, deputatlar, QHT nümayəndələri və politoloqlar iştirak ediblər.
İctimai dinləməyə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli moderatorluq edib.
Tədbiri açan vitse-spiker Fəzail İbrahimli Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlardan danışıb, iqtidar-müxalifət dialoqundan bəhs edib. O, Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrinin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsil olunmasını yeni siyasi konfiqurasiyanın bariz nümunəsi kimi xarakterizə edib. Qeyd olunub ki, Azərbaycanın şanlı Zəfəri, torpaqlarını işğaldan azad etməsi bölgədə yeni reallıqlar yaradıb.
Fəzail İbrahimli diqqətə çatdırıb ki, bütün bunların fonunda Azərbaycan parlamenti müasir dövrün çağırışlarından kənarda qala bilməzdi və beləliklə də Milli Məclisdə təmsil olunan siyasi partiyalar ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədri Sahibə Qafarovaya müraciət ediblər.
Yeni qanunun hazırlanmasının zəruriliyini vurğulayan sədr müavini qeyd edib ki, “Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl qəbul edilib. Ötən dövrdə ölkənin ictimai-siyasi həyatında böyük dəyişikliklər baş verib, dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafında böyük uğurlar əldə olunub, Azərbaycan qalib dövlət kimi ərazi bütövlüyünü bərpa edib, beynəlxalq arenada söz sahibinə çevrilib. Təbii ki, bütün bu amillər fonunda siyasi partiyalarla bağlı yeni qanun layihəsinin hazırlanması sosial sifarişə əsaslanır.
Fəzail İbrahimli bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, bu qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar, İnsan hüquqları komitələrində hazırlanıb. O, qanun layihəsi ilə bağlı siyasi partiyalardan daxil olan təkliflərdən danışıb. Eyni zamanda, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən qanun layihəsinin ayrı-ayrı bəndləri üzrə sorğular həyata keçirilib. Vitse-spiker diqqətə çatdırıb ki, bu gün keçirilən ikinci dinləmədə də qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən rəy və təkliflərə xüsusi diqqət yetiriləcək.
Dinləmədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirib ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib. Ötən illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib. Eyni zamanda, Azərbaycanda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qəbul edilib. Ona görə də bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi, həm də milli konstitusion hüququn təsbiti tələblərindən irəli gələrək “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbulu zəruridir.
Əli Hüseynli layihənin hazırlanmasından danışıb, 20-dən çox ölkənin, o cümlədən Avropanın qabaqcıl ölkələrinin təcrübəsinin, həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə tövsiyələrinin, siyasi partiyalardan daxil olan təkliflərin nəzərə alınması barədə məlumat verib.
O, siyasi partiyaların nümayəndələrinin iştirakı ilə keçirilmiş birinci ictimai dinləmənin çox faydalı olduğunu və layihənin təkmilləşdirilməsinə töhfə verdiyini deyib, bugünkü müzakirələrdə səslənəcək fikirlərin də ölkənin siyasi partiyalar haqqında qanunvericiliyinin inkişafına kömək edəcəyinə inamını ifadə edib.
İclasda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc qeyd edib ki, təqdim edilən yeni qanun partiyaların fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır. Komitə sədri Azərbaycanın siyasi sistemi və partiyalar institutunun öz inkişafının yeni mərhələsinə qədəm qoymasını tarixi zərurət və dövlətçiliyimizin gələcəyi aspektindən dəyərləndirib.
Zahid Oruc ilkin ictimai dinləmə zamanı partiyaların irəli sürdükləri təkliflərlə bağlı danışaraq bildirib ki, yeni təkliflər də nəzərə alınmaqla, yekunda “Siyasi partiyalar haqqında” yeni mükəmməl bir qanun qəbul olunacaq.
Dinləmədə Sosial Tədqiqatlar Mərkəzinin İctimai Rəy Departamentinin müdiri Elnur Çıraqov “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı aparılmış sorğunun nəticələri barədə məlumat verib.
Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Məmmədov, Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri Sabir Rüstəmxanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Fəzail Ağamalı (Ana Vətən Partiyası), Tahir Kərimli (Vəhdət Partiyası), Asim Mollazadə (Azərbaycan Demokratik İslahatlar Partiyası) çıxış ediblər. Partiya funksionerləri partiyaların fəaliyyəti ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını müsbət dəyərləndiriblər, layihənin geniş ictimai dinləmələrinin keçirilməsini yüksək qiymətləndiriblər və bu işin təşkilinə görə parlament rəhbərliyinə təşəkkürlərini bildiriblər. Çıxışçılar partiyalarının “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi barədə mövqeyini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Sonra iclasda çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli, “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Əyyub Kərimli, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, politoloqlar Şəbnəm Həsənova, Tural İsmayılov qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.
Tədbiri yekunlaşdıran Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli hamını qarşıdan gələn Zəfər Günü ilə bağlı təbrik edib və qanun layihəsi ətrafında aparılmış səmərəli fikir mübadiləsinə görə iclas iştirakçılarına təşəkkürünü bildirib.
Bununla da “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ikinci ictimai dinləmə başa çatıb.
Dinləmədə Milli Məclisin deputatları Elşən Musayev, Sahib Alıyev, Azər Badamov, Nigar Arpadarai, Ramin Məmmədov, Anar İsgəndərov, Azay Quliyev, Ceyhun Məmmədov, Əminə Ağazadə, Soltan Məmmədov, Elşad Mirbəşir oğlu, Elnur Allahverdiyev, Könül Nurullayeva, Kamal Cəfərov, Nurlan Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi