Sahibə Qafarovanın parlamentin 2026-cı il 20 fevral tarixli plenar iclasında çıxışı

Hörmətli deputatlar!

Bildiyiniz kimi, sabah dünya ölkələrində Beynəlxalq Ana Dili Günü qeyd olunacaq. Azərbaycan dili dünyanın ən zəngin və gözəl dillərindən biridir. Bizim dilimiz əsrlər boyu xalqımızın milli mənlik şüurunun formalaşmasında və mədəni irsinin qorunmasında mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ana dilimizin qorunmasına və inkişafına böyük diqqət yetirir. Ulu Öndərin bu sahədə başladığı strateji xətt ardıcıl davam etdirilir.

Bildiyiniz kimi, ötən ilin noyabr ayında dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında Azərbaycan dilinin təmizliyinin qorunmasının və düzgün istifadə edilməsinin vacibliyini qeyd etmişdir. O demişdir ki, “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.”

Hörmətli həmkarlar!

Dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən işlərə Milli Məclis də parlament səviyyəsində dəstək göstərməyə çalışır. Xatırladım ki, ötən il dekabrın 8-də Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr edilən konfrans keçirilmişdir. Qanunvericilik orqanı Azərbaycan dilinin inkişafı sahəsində irəli sürülən təşəbbüsləri bundan sonra da dəstəkləyəcəkdir.

Diqqətinizə görə sağ olun.

Arzu Paşaqızı