Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Milli Məclisin sədri Sahibə Qafarova sabah keçiriləcək konfransın əhəmiyyətinə toxunaraq, deyib ki, tədbir ölkələrimizin siyasi həyatında parlamentlərimizin rolu, qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi məsələlərinə həsr olunub. Eyni zamanda, bu tədbir Azərbaycan və Türkiyə parlamentlərinin işbirliyi, birgə fəaliyyəti məsələlərinə də diqqət yetirməyə imkan verəcək.

Spiker Sahibə Qafarova dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının ölkələrimiz və xalqlarımız arasında qardaşlığın ifadəsi olduğunu söyləyib.

Görüşdə vurğulanıb ki, ölkələrimiz bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlaqələrimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə – müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Vurğulanıb ki, Şuşa Bəyannaməsinin imzalanması münasibətlərin daha da genişləndirilməsinə təkan verib. Xüsusilə vurğulanıb ki, iki qardaş ölkə olaraq, Azərbaycan və Türkiyə güclü regional əməkdaşlıq mühiti də yaradır. Azərbaycan-Türkiyə birliyi regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amildir. Bu çərçivədə ölkələrimizin təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq platformalarının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Fuad Oktay növbədənkənar parlament seçkilərinin uğurla təşkili və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın bütün suveren ərazilərində keçirilən bu seçkilərin demokratiya və şəffaflıq şəraitində baş tutduğunu xatırladıb və Türkiyədən böyük bir heyətin seçkiləri müşahidə etdiyini diqqətə çatdırıb.

Fuad Oktay Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin qardaş ölkə olaraq Türkiyəni sevindirdiyini, bu gün işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasının qürurverici olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirilib. Parlament sədrləri, o cümlədən dostluq qrupları arasında sıx təmasların bu münasibətlərə mühüm töhfələr verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ötən il imzalanmış Əməkdaşlıq haqqında Saziş münasibətlərin daha da genişlənməsinə xidmət edir.

Tərəflər beynəlxalq parlament platformalarında qarşılıqlı dəstək və birgə fəaliyyətin də vacibliyini xüsusilə qeyd ediblər. Bəzi dairələr tərəfindən ölkələrimizə qarşı ikili standartlar, təzyiq, şantaj, böhtan kampaniyaları aparıldığı bir şəraitdə parlamentarilərimizin qarşılıqlı fəaliyyətinin daha böyük önəmə malik olduğu vurğulanıb.

Söhbət zamanı TBMM-in komitə sədri Fuad Oktay Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qəbul etdiyi qətnaməni tənqid edərək, deyib ki, AŞPA-nın bu qərəzli və haqsız qərarı təşkilatın özünün nüfuzuna və etibarlılığına xələl yetirir. O, qeyd edib ki, AŞPA bu səhvini düzəltməlidir və Türkiyə tərəfi də hər dəfə bu məsələ ilə bağlı xəbərdarlığını qarşı tərəfin diqqətinə çatdırır.

Görüşdə ötən ay Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə keçirilən COP29 barədə də fikirlər ifadə edilib. Qeyd edilib ki, bəzi dövlətlərin boykot çağırışlarına baxmayaraq, COP29-a yüksək beynəlxalq maraq olub və çoxlu sayda ölkə və hökumət başçılarının tədbirdə iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və nüfuzunu göstərir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI