Sahibə Qafarova: Təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın gündəliyində mühüm yer tutur
Təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın gündəliyində mühüm yer tutur. Bu, ölkəmizin 2030-cu ilə qədər yeni inkişaf strategiyasının beş prioritet sahəsindən biri kimi müəyyən edilib.
“Turanın səsi ” xəbər verir ki , bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü plenar iclasında səsləndirib.
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan spiker Sahibə Qafarova qeyd edib ki, son illərdə ölkəmizdə enerji təchizatında bərpa olunan enerjinin payının əhəmiyyətli dərəcədə artırılması istiqamətində mühüm addımlar atılıb. İki gün əvvəl Bakı Enerji Həftəsi çərçivəsində xarici tərəfdaşlarla birlikdə daha bir külək və iki günəş elektrik stansiyalarının təməli qoyulub. Bu da Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinin reallaşmasında mühüm rol oynayacaq.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də yaşıl enerji üzrə müəyyən edilmiş strateji baxışın diqqət mərkəzindədir. O, təəssüflə vurğulayıb ki, ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi qırıb, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpağı və çayları çirkləndirib. Spiker, bu gün həmin ərazilərin Azərbaycan Prezidenti tərəfindən “Yaşıl Enerji Zonası” elan edildiyini, aparılan yenidənqurma və bərpa işlərində “ağıllı şəhər və kənd”, “sıfır emissiya”, “sıfır tullantı” yanaşmaları tətbiq edildiyini, ekosistemin bərpa olunduğunu bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI