Sahibə Qafarova Ermənistanın manipulyasiyaları ilə əlaqədar dünya parlamentlərinə müraciət edib
Avqustun 1-də Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Məktubda bildirilir ki, 2020-ci ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoymuş və ərazi bütövlüyünü bərpa etmişdir. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürmüşdür. Bununla yanaşı, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılmışdır.
Məktubda təəssüflə qeyd edilir ki, ötən dövr ərzində Ermənistan Laçın yolundan istifadə etməklə Azərbaycana qarşı hərbi təxribatlarını və onun daxili işlərinə müdaxilələri davam etdirmiş, eyni zamanda, Qarabağ erməniləri ilə dialoqun irəliləməsinə maneçilik törətmişdir. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına müvafiq surətdə öz suveren hüququnu həyata keçirərək Laçın sərhəd-buraxılış məntəqəsini qurmuşdur. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunmuşdur. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açılması, dövlət bayrağımıza qarşı təxribat törədilməsi, Laçın yolundan icazəsiz istifadə etməyə cəhdlər göstərilməsi bu ölkənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə real münasibətini, sülh prosesinə nə dərəcədə sadiq olduğunu bariz şəkildə nümayiş etdirmişdir.
Məktubda diqqətə çatdırılır ki, Azərbaycanın Qarabağ bölgəsində “gərgin humanitar vəziyyət”in yaranması, bölgədə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə Ermənistan tərəfindən son dövrdə irəli sürülən iddialar beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiyadır.
Vurğulanır ki, Azərbaycan Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etmiş və bu təklif beynəlxalq səviyyədə də dəstək almışdır. Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir. Məqsəd sülh prosesini pozmaq və Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya etməsinin qarşısını almaqdır.
Bildirilir ki, Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirmiş və bu istiqamətdə səylərini davam etdirəcəkdir. Eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərinin hüquqları ölkə Konstitusiyası və qanunları əsasında təmin olunacaqdır.
Məktubun sonunda qeyd olunur ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ictimaiyyət məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI