Sahibə Qafarova Çexiya Parlamenti Senatının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Parlamenti Senatının sədri Miloş Vıstrçil ilə görüşüb.
Senatın sədri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından parlamentlərarası münasibətlərin önəmini qeyd edib. O, deyib ki, münasibətlərimiz funksional və tarazlaşdırılmış münasibətlərdir. Azərbaycan Çex Respublikası üçün dost ölkədir.
Miloş Vıstrçil müasir dövrdə enerji məsələlərinin əhəmiyyətini qeyd edərək, Azərbaycanla ölkəsi arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı niyyətlərini də ifadə edib.
Görüşdə Azərbaycanın etibarlı tərəfdaş olduğu, Avropanın neft-qaz tədarükçüsü kimi əhəmiyyətli rolu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. O cümlədən, Azərbaycan və Çexiya arasında humanitar sahədə əməkdaşlığın əhəmiyyəti də qeyd edilərək, vurğulanıb ki, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi, mədəni tədbirlərin qarşılıqlı əsasda keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və görüşlərin, siyasi məsləhətləşmələrin intensivləşməsinin vacib rol oynadığını qeyd edib. Bu baxımdan, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Spiker Sahibə Qafarova bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Çexiyaya ilk rəsmi səfəri olduğunu xatırladaraq, inamını ifadə edib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək. O, qanunverici orqanlar arasında münasibətlərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsirini qeyd edib. Spiker deyib ki, parlamentarilərimiz arasında təmasların gücləndirilməsi həm qanunverici orqanlarımızın əməkdaşlığının daha da dərinləşdirilməsinə, həm də iki ölkə ictimaiyyətinə obyektiv məlumatların verilməsinə, ölkələrimiz arasında həqiqətdən uzaq məlumatların yayılmasının qarşısının alınmasına xidmət edər.
Görüşdə spiker Sahibə Qafarova regionda mövcud olan vəziyyət, ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə də məlumat verib. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatlar, o cümlədən mina təhdidləri, Azərbaycan tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri, Azərbaycanın münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüsləri barədə qarşı tərəf məlumatlandırılıb. Sahibə Qafarova mövcud vəziyyətlə bağlı qəbul edilən qeyri-obyektiv, yalnış informasiyalara əsaslanan qətnamələrin sülh prosesinə zərbə vurduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI