Sahibə Qafarova Cenevrədə Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik edib

Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Koordinasiya görüşünə sədrlik edib.


İclasda çıxışı zamanı spiker Sahibə Qafarova bu görüşlərin qarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, əlaqələndirici görüşlər, xüsusilə belə həssas vaxtlarda vacib əhəmiyyət kəsb edən mühüm beynəlxalq məsələlərin müzakirəsi və fikir mübadiləsinin aparılmasında APA-nın əhəmiyyətli potensialından tam istifadə etmək üçün əla imkan yaradır. Gələn il Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunacağını söyləyən Milli Məclisin sədri, ötən dövrdə Assambleyanın artıq mühüm parlamentlərarası əməkdaşlıq, konstruktiv dialoq və həmrəylik platformasına çevrildiyini bildirib. Onun sözlərinə görə, bu qurum üzv ölkələrin parlamentlərini öz çətiri altında birləşdirir, onların səsini eşitdirir və ölkələrimizin ümumi məqsədlərə nail olmaq səylərinə parlament töhfəsini verir.
Azərbaycanın təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verən Sahibə Qafarova bildirib ki, bu müddət ərzində Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində səylər göstərilib. Azərbaycan birgə işin daha da gücləndirilməsi – APA-nın institusional potensialının inkişafı, sıralarının genişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılması ilə bağlı bir sıra prioritetlər irəli sürüb. Sözügedən dövrdə təşkilatın sıraları genişlənib. Belə ki, Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası müşahidəçi statusu qazanıb, APA-da müşahidəçi statusu olan beynəlxalq təşkilatların da sayı artırılıb, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına müşahidəçi statusu verilib.

Arzu Paşaqızı