Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının (BMT) 

0

Baş Assambleyasının 78-ci sessiyasının prezidentini qəbul edib

Martın 16-da Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

Görüş zamanı ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə uğurlu əməkdaşlığı, Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması istiqamətində BMT Nizamnaməsinin məqsədlərinə nail olunması sahəsində verdiyi töhfələr haqda danışılıb. 

Milli Məclisin sədri BMT Baş Assambleyası və onun prezidentinin çoxtərəflilik, beynəlxalq hüququn təşviqi və dövlətlərarası əməkdaşlığın inkişafı ilə bağlı təşkilatın rolunun möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələri təqdir edib və Baş Assambleya prezidentinin elan etdiyi 4 prioritet istiqamət – sülh, tərəqqi, firavanlıq və davamlılıq üzrə birgə fəaliyyətin əhəmiyyətini qeyd edib. Beynəlxalq hüququn universal norma və prinsiplərinə, xüsusən ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətin bu istiqamətlərin reallaşdırılması baxımından zəruriliyi vurğulanıb. 

Görüşdə qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verən spiker Sahibə Qafarova Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və bərpa işləri, Ermənistan tərəfindən basdırılmış minaların  törətdiyi təhlükə haqda danışıb, qeyd olunan  istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyətinə toxunub. Milli Məclisin sədri məhz Azərbaycanın sülhün bərqərar olunması istiqamətində təşəbbüslə çıxış etdiyini və sülh gündəliyinə sadiq qaldığını bildirərək, Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümidini ifadə edib. 

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində görüləcək işlərdən söz açan spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danışıb. 

Milli Məclisin sədri həmçinin ölkəmizin parlament diplomatiyasının gücləndirilməsi istiqamətində atdığı addımlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti haqda da məlumat verib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumlarındakı fəaliyyətini, göstərdiyi səyləri yüksək qiymətləndirdiyini deyib. Ölkəmizin daima BMT-nin əsas dəyər və prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini deyən qonaq Azərbaycanın çoxtərəfliliyin təşviqi üzrə rolunu xüsusi qeyd edib.  

Baş Assambleya prezidenti Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını deyərək, BMT-nin məqsədlərinin dəstəklənməsində parlamentlərin rolunun əhəmiyyətini vurğulayıb. 

Dennis Fransis COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı təbriklərini çatdıraraq, ölkəmizin bu tədbiri ən yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirib.   

Azərbaycanın regionda sülhün və əmin-amanlığın təmin olunması istiqamətində göstərdiyi səyləri təqdir edən Dennis Fransis bölgədə dayanıqlı sülhün bərqərar olunmasının davamlı inkişafın və firavanlığın əsas şərti olduğunu, bu təşəbbüslərin BMT tərəfindən dəstəkləndiyini bildirib. 

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü uğurlu təşəbbüsləri qeyd edərək, Hərəkatın Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılmasını, Qadınlar Platformasının formalaşdırılması istiqamətində görülən işləri dünyada çoxtərəfliliyin təşviqi və inkişaf etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirib. 

Söhbət zamanı qonağa Milli Məclisin strukturu və fəaliyyəti haqda da məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir