Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.
Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Saqr Qobaş bu səfərə və Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirakına görə Milli Məclis sədrinə təşəkkür edib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunaraq, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub. Vurğulanıb ki, ölkələrimizin liderlərinin birgə səyləri və şəxsi münasibətləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında, habelə xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə imkan verib və bu gün ölkələrimiz bir çox sahələrdə geniş və uğurlu əlaqələrə malikdir.


Arzu Paşaqızı